Polis qanunsuz parklanmalarla mübarizədə - BNA ancaq cərimə yazan qurum olduğunu təsdiqləyir...

Polis qanunsuz parklanmalarla mübarizədə - BNA ancaq cərimə yazan qurum olduğunu təsdiqləyir...

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Nefçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub. Gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 14 şəxs də müəyyən edilib və həmin onlar da inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Nərimanovi rayonu ərazisində də həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşalrı tərəfindən rayonun müxtəlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qeyd edilən qayda pozuntusuna yol verən ümumilikdə 81 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə Nizami və Nərimanov rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.

Diqqət çəkən məqam budur ki, qanunsuz parklanma ilə mübarizədə biz BNA-nın deyil, polisin mübarizə apardığının şahidi oluruq. Görünən budir ki, Bakı Nəqliyyat Agentliyi son illərdə yaradılan strukturlar arasında ən uğursuz və fiaskoya uğramış qurumlardan biridir. Müşahidələrimiz və mediada gedən məlumatlara əsasən məlum olur ki, ictimai nəqliyyatdakı xaosu aradan qaldırmaq, parklanmanı təşkil etmək üçün fəaliyyətə başlamış BNA iflas etmiş layihədir.

Vüsal Kərimlinin rəhbərlik etdiyi BNA bu illər ərzində nə normal parklanmanı təşkil edib, nə dayanacaqlardakı monitorların işləməsini təkmilləşdirib, nə dayanma-durma ilə bağlı cərimələrin yazılmasında dürüst fəaliyyət göstərir. Elə bunun nəticəsidir ki, Prezident dayanma-durma cəriməsinin yazılması səlahiyyətlərinin bir hissəsini BNA-dan alaraq təkrar Dövlət Yol Polisinə qaytarıb. Elə ilk gündən dayanma-durmanın DYP-dən alınıb BNA-ya verilməsi yanlış seçim idi.

Çünki bu müddət ərzində BNA onsuz da nə parklanma yerlərini təşkil edə bilib, nə nəqliyyat müfəttişləri doğru-düzgün işini həyata keçirirlər. Dəfələrlə video faktlar təqdim olunub, özünü Ziya Məmmədovun qoçuları kimi aparan BNA əməkdaşlarının xəlvətcə dayanma-durma cəriməsi yazıb aradan çıxması ifşa edilib. Parklanma düzgün qurulmadığı halda V.Kərimlinin pulyığanları sürücülərin əsəblərini tarıma çəkməklə, oğrun-oğrun avtomobillərin şəkillərini çəkib aradan çıxmaqla məşğuldurlar. Yeri gəlmişkən, BNA pandemiya dövründə də sınaqdan alnıaçıq çıxa bilməyib. Avtobuslarda sıxlıq, intervalda nöqsanları müşahidə edilib. Ümumiyyətlə, BNA dövlətin ümid etdiyi layihəni batırıb. Paytaxtda parklanma demək olar ki, heç 30 faiz təşkil edilməyib, yenə qanunsuz şəkildə sürücülərdən pul yığanlar var. Ancaq bununla BNA mübarizə aparmaqda qətiyyən maraqlı görünmür. Bununla bir daha sübut olunur ki, BNA cərimə yazmaqdan başqa hələlik heç bir əməli fəaliyyətilə yadda qalmayıb.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com