Çində əhaliyə 3 milyard doza COVID-19 peyvəndi vurulub

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində əhaliyə təxminən 3 milyard doza peyvənd vurulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, tam peyvənd olunanların sayı təxminən 1 milyard 225 milyon nəfərdir. Bundan başqa, hazırda ölkədə 3-18 yaşlı uşaq və yeniyetmələrin COVID-19 virusuna qarşı vaksinasiyası da aparılır, habelə müraciət edənlərə “buster” doza vurulur. Son günlər Çinin bir neçə şəhərində kiçik yoluxma ocaqlarının aşkarlanmasından sonra əhalinin vaksinasiyaya, xüsusən də “buster” dozaya marağı çoxalıb.

Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Qeyd edək ki, Çinin vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Çin şirkətlərinin COVID-19 peyvənd istehsalı gücü illik 7 milyard dozaya çatıb. Çin indiyədək təxminən 100-dən çox ölkəyə və bir neçə beynəlxalq təşkilata 1,8 milyard dozadan çox COVID-19 peyvəndi təqdim edib. Xaricə göndərilən vaksinlərin əsas hissəsi kommersiya prinsipi əsasında ixrac olunub. Müəyyən miqdarda vaksin isə Çin dövləti tərəfindən ianə kimi təqdim olunub. Bəzi ölkələrdə Çin vaksinlərinin tam və ya qismən istehsalı da həyata keçirilir.

Şahin Cəfərov

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Övladlarından ayrı qalan Zaur efirdə ağladı - VİDEO

SONRAKI XƏBƏR

Emin Ağalarov azərbaycanlı məşhur blogerlə - FOTO