Avstriya hökuməti pandemiya ilə bağlı bir sıra məhdudiyyətləri yumşaldır

Avstriya hökuməti pandemiya ilə bağlı bir sıra məhdudiyyətləri yumşaldır

Avstriya hökuməti fevral ayında koronavirus pandemiyası ilə bağlı qüvvədə olan bir sıra məhdudiyyətlərin yumşaldılacağını elan edib.

AZƏRTAC xəbər verir ki, hökumətin brifinqində fevralın 5-dən etibarən qastronomiya obyektlərinin iş saatının 22:00-dan 00:00-dək uzadılacağı bildirilib. Bir həftə sonra isə ticarət obyektlərinə giriş üçün tələb olunan 2G (peyvəndli və ya sağalmış) tələbi ləğv ediləcək. Fevralın 19-dan etibarən isə qastronomiya və turizmdə 3G (peyvəndli, sağalmış və ya qüvvədə olan test) qaydası qüvvəyə minəcək.

Eyni zamanda, vurğulanıb ki, tədris müəssisələri və kütləvi tədbir məkanları üçün də yumşaldılmalar nəzərdə tutulur və onlar barədə növbəti həftə ərzində ictimaiyyətdə məlumat veriləcək.

Federal Kansler Karl Nehammer bildirib ki, xəstəxanalarda müalicə olan COVID-19 xəstələrinin sayı imkan qarşıdakı dövrdə normallaşma üçün perspektivlərin açılmasına imkan verir.

Səhiyyə naziri Volfqanq Mükştayn isə qeyd edib ki, ölkədə yoluxmalarda dominantlıq edən “omikron” ştamı xəstəxanaların reanimasiya şöbələrinin yüklənməsinə səbəb olmayıb, ona görə də hökumət ehtiyatlı və təhlükəsiz addımlarla bir sıra qaydaları dəyişmək qərarına gəlib.

İqtisadi dairələr hökumətin qərarını məmnunluqla qəbul etsələr də, mətbuatda etirazlar kifayət qədərdir. Onlar arasında Vyana şəhərinin meri Mixael Ludviq tənqidi fikirləri ilə diqqəti cəlb edib. O bildirib ki, “omikron“ dalğasının tüğyan etdiyi və hər gün yeni antirekordların qeydə alındığı vaxtda bu, əhalidə çaşqınlıq yaradacaq. “Omikron” dalğasının hələ pik səviyyəyə çatmadığını bildirən mer hazırda yumşaldılmaları yanlış zamanda verilmiş səhv qərar kimi dəyərləndirib. Qeyd edilib ki, ekspertlərdən ibarət qremiya ilə məsləhətləşmələrdən sonra Vyana şəhəri və əyaləti daha diqqətli, ehtiyatlı kursun seçilməsi üçün mövqeyini açıqlayacaq.

Elgün Niftəli

Mənbə: azertag.az