FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - Fotolar

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - Fotolar

 

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası– FIA Baş Assambleyasının illik yekun iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma mərasiminin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb və belə tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib.

“Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər və digər layihələr həyata keçirir”, - federasiya prezidenti ölkəmizin 2016-cı ildən etibarən Formula 1 yarışlarına ev sahibliyi etdiyini xatırladıb. Bakı şəhərinin gözəl küçələrində Formula 1 yarışının uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb. O cümlədən Bakıda FIA həftəsinin uğurla keçməsi və yaddaqalan olmasında əməyi keçən hər kəsə, o cümlədən FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq ifadə edilib.

FIA həftəsi çərçivəsində paytaxtımızda bir araya gələn dünyanın müxtəlif ölkələrinin avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları, ümumilikdə 128 ölkənin nümayəndəsi, 189 klubun təmsilçisi, həmçinin onlayn şəkildə tədbirə qoşulan iştirakçılar dekabrın 5-dən fərqli formatlarda avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə ediblər.

Bakı müzakirələrinin səmərəsindən danışanBeynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem bu cür mötəbər tədbirin FİA-nın işinə töhfə verəcəyini bildirib.

Müzakirələr zamanı səsvermələrin nəticəsi Baş Assambleyanın 2024-cü ilin iyunun 14-də keçiriləcək iclasının Özbəkistanın Səmərqənd şəhərində olması, gələn il dekabrın 13-dəki iclasının isə Ruandanın Kiqali şəhərində keçirilməsi təsdiqlənib.

 FIA Baş Assambleyasının yekun iclasının sonunda FIA ailəsi Bakıdakı tədbirləri tarixi yaddaşa köçürəcək xatirə şəkli çəkdirib.

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed ben Sulayemə üzərində Bakının rəmzləri sayılan İçərişəhər, Heydər Əliyev Mərkəzi və Alov Qüllələrinin təsviri fonunda FIA loqosu olan xalça hədiyyə edilib.

Həmçinin yol hərəkəti təhlükəsiliyi ilə bağlı Bakıda məktəblilər arasında AAT tərəfindən təşkil olunan intellektual yarışın qalibləri mükafatlandırılıb.

















Mənbə: qafqazinfo.az