Respublika Uşaq Kitabxanasında Beynəlxalq Ana Dili Günü qeyd olunub

Respublika Uşaq Kitabxanasında Beynəlxalq Ana Dili Günü qeyd olunub<span class="qirmizi"></span>

Bakı, 22 fevral, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Milli Konservatoriyası tərkibindəki Respublika İncəsənət Gimnaziyasının 1-ci sinif şagirdləri ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova 2000-ci ildən bəri hər il 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd olunduğunu söyləyib: “Uşaq ədəbiyyatının təbliği sahəsində aidiyyəti sahə ilə məşğul olanlar müxtəlif istiqamətli layihələrin həyata keçirilməsinə başlayıb. Uşaq ədəbiyyatı ən həssas sahələrdən olduğu üçün ona diqqət, qayğı tələb olunur. Yazıçı, şair yazır, ancaq onların yazdıqlarının uşaqlara çatdırılması daha vacib məslələlərdən biridir”.

Azərbaycan Respublikasının Əməkdar müəllimi Yaqut Əzimzadə uşaqların bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirib. O, sözə Firidun Bəy Köçərlinin fikirləri ilə başlayıb: “Ana südü bədənimizin mayası olduğu kimi, ana dilimiz də ruhumuzun qidasıdır. Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir”.

Fikirlərini davam etdirən Yaqut Əzimzadə deyib: “Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” müvafiq Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur”.

Tədbir zamanı şagirdlər ana dilimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.

Sonra kitabxananın foyesində təşkil olunmuş “Mənim ana dilim” kitab sərgisinə baxış keçirilib. Tədbir iştirakçıları həmçinin, kitabxananın saytında yerləşdirilmiş uşaq mahnıları, cizgi filmləri ilə də yaxından tanış olub. Sonda şagirdlərə kitabxana tərəfindən təsis edilmiş “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.

Mənbə: azertag.az