Valideynlər repetitorlardan necə xilas ola bilərlər? - AÇIQLAMA

Valideynlər repetitorlardan necə xilas ola bilərlər? - AÇIQLAMA<span class="qirmizi"></span>


Son illərdə məktəblərdə müəllim yanına hazırlığa getmək sanki bir növ dəb və məcburi hala çevrilib. Bir neçə il əvvəl əgər 9-11-ci siniflər hazırlığa gedirdilərsə, bu gün artıq 1-2-ci siniflər hazırlığa getməli olurlar, çünki çox vaxt müəllimlər belə istəyir. Elə ailə var ki, onun buna imkanı çatmır. Bir ailədə 2 uşaq varsa və ailənin imkanı çox aşağıdırsa, bu o deməkdir ki, uşaq normal təhsil ala bilməyəcək. Bununla bağlı bir çox valideynlər redaksiyamıza şikayət ünvanlayırlar. Bəs məktəblərdə pulsuz hazırlıqlar yaratmaq olmazmı?

Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.


Onun sözlərinə görə, repetitorluq aradan qaldırılmalıdır:

"Biz bununla mübarizə aparmalıyıq. Bu hal məktəblərə "paralel təhsil" anlayışı gətirir. Əslində uşaqlar məktəbə gedir və orada dərs keçirlər. Əvvəlki dövrdə yalnız yuxarı siniflər hazırlığa gedirdilərsə, bu gün artıq, sizin də dediyiniz kimi, 1-2-ci sinifdən getməli olurlar. Biz bunu yığışdırmalıyıq. Bunun üçün məktəblərdə təhsilin keyfiyyəti artmalıdır.

Azərbaycanda repetitorlar artıq bir bəlaya çevrilib. Qeyd etdiyiniz kimi, elə valideyn var ki, imkanı var və uşağı hazırlığa gedə bilir, amma elə valideyn də var ki, övladını müəllim yanına göndərməyə imkanı yoxdur. Ona görə də belə halların qarşısını almaq üçün insanlar bu yanaşmanı dəyişməlidirlər.

Müəllimlərin də valideynlərdən belə bir tələb irəli sürməsi, əlavə müəllim yanına getməsi təkidi yolverilməzdir, qeyri-qanunidir və qəbuledilməzdir.

Təkrar vurğulayıram: biz çalışmalıyıq ki, məktəblərdə dərslərin keyfiyyəti qalxsın, şagirdlərə yüksək təhsil verilsin. Əgər müəllim bir fənni keçirsə, yüksək səviyyədə keçsin ki, əlavə müəllim yanına getməyə ehtiyac olmasın.

Biz bu istiqamətdə fəaliyyətə başlasaq, əlavə dərnəklər yaratsaq, bu bizim üçün müəyyən problemlər və çətinliklər yarada bilər. Sizin dediyiniz məsələ təhsilin əlavə gücləndirilməsi kimi nəzərdən keçirilə bilər.

Dünya təcrübəsində də var ki, günün birinci hissəsində məktəbdə dərs oxuyurlar, ikinci hissəsində isə keçdiklərini təkrarlayıb öyrənirlər. Bu model Azərbaycanın da bəzi özəl məktəblərində var.

Bu gün Azərbaycan cəmiyyətində, demək olar ki, hamı repetitorluqdan narazıdır. Biz bunun ümumiyyətlə ləğv edilməsinə nail olmalıyıq ki, dərslərin keyfiyyəti yaxşılaşsın, valideynlərin də vəsaiti belə məsələlərə getməsin.

Təsəvvür edin, bir ailədə 2, 3, hətta 4 övlad varsa, onlar müxtəlif fənlərdən müəllim yanına gedirlərsə, görün bir valideyn üçün bu nə dərəcə çətinlik yaradır?! O baxımdan dönə-dönə vurğulayıram ki, məktəblərdə təhsilin keyfiyyəti artmalıdır ki, biz bu problemlərdən xilas ola bilək".

Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.


ZAİRA AKİFQIZI

 

 

Mənbə: sonxeber.az