Xanım sahibkar: “Elə müflisləşdik ki, çörək almağa qəpiyimiz belə olmadı” - MÜSAHİBƏ + FOTO

Xanım sahibkar: “Elə müflisləşdik ki, çörək almağa qəpiyimiz belə olmadı” - <span class="qirmizi">MÜSAHİBƏ + FOTO</span>

İlk addımlarımı atdığımda ailəmdə heç kim mənə “yox, sən bunu bacarmazsan” demədi. Düşünürəm ki, həyatda və karyeramda qazandığım uğurun təməl prinsipi məhz budur.

Oxu.Az “Uğurlu qadın”, “Azərbaycanın 100 işgüzar xanımı” təşkilatının sədri, eləcə də “RED Kommunikeyşns” MMC-in təsisçisi və idarəedici partnyoru olan sahibkar xanım Tatyana Mikayılova ilə müsahibəni təqdim edir:

- Biznes qarantiyası olmayan bir sahədir. Necə oldu ki, bu riski gözə aldınız?

- Sual məni uzun illər əvvələ apardı. Bəlkə də yadımda deyil desəm inanmazsınız. Amma həqiqətən mən bu yola çıxanda sıfır maliyyə və 100 faiz motivasiya ilə çıxdım. Ailəmdə heç kim mənə demədi ki, “sən bunu edə bilməzsən”. Tam tərsinə xanım olsam da mənə dəstək oldular, bacaracaqsan deyib yanımda oldular. Valideynlərim cinsiyyət ayrımı etmədilər. Mənim də ağlımda heç vaxt “ya alınmasa?”, “ya uğursuz olsa?” kimi suallar olmadı. Əlbəttə ki, bu biznesdir. Biznes Amerika dağlarına oxşayır, enişli-yoxuşlu yolları çoxdur. Amma əsas savad və mənəvi dəstəkdir”.

- Biznesin enişli yollarına çoxmu düşmüsünüz?

- Çox olub, elə olub ki, oturub ağlamışam. İşdə nəsə yolunda getməyib. Planlaşdırdığımız şeylər gecikib ya da heç reallaşmayıb. Amma mən təslim olmamışam. Əzmlə çalışmışam. Bir il gec və ya bir il tez, ona nail olmağın alternativlərini axtarmışam. Pandemiya dövründə də çətinliklər oldu, pis olurdum ki şirkətin işləri necə olacaq? Amma bu maneələr o demək deyil ki, mən bu işi burada saxlamalıyam. Davam, davam və yenə də davam. Biznes yüksəlişdir. Amma siz bu sahəni dişinizlə, dırnağınızla qurduğunuz zaman bir pillə yuxarıdan aşağıya düşəndə bu sizi incitmir, çünki təməlini də siz qoymusunuz. Yenidən yuxarıya doğru gedə bilirsiniz.

- Sahibkar kimi ilk hansı sahədən başladınız?

- Heç bir müsahibəmdə bunu deməmişəm. Bəlkə də bu sual məni kövrəldir. Mənim ailəm müflis oldu. Müflis olmaq da var, elə belə deyil. Bildiyiniz elə müflis olduq ki, çörək almağa qəpiyimiz belə olmadı. Çox çətin və gözləmədiyimiz bir dövr oldu.

Mən məktəbi bitirdikdən sonra bir il Vyetnamda yaşamışam. Orada öz-özümə dekorativ tikiş sənətini öyrənməyə başladım. Səhv edə-edə, heç kimin işlərini təkrarlamadan fərqli dekorasiyalar, kreativliklə işləyirdim. Cavan qız olsam da başa düşürdüm ki, oxumalıyam. Oxumağı atmaq olmaz. Bəzən qızlarımız oxumağı ataraq ailələrinin sosial durumuna dəstək olmağa çalışırlar, bu doğru deyil. İstənilən işin təməlində təhsil dayanır.

- Tikiş sənəti sizi bu pilləyə qədər gətirdi?

- Xeyr, o sahəni öyrənməyim həmin dövr üçün mənə ailəmi, özümü aclıqdan qurtarmağa, necə deyərlər “çörək pulu”, təhsil pulu, gündəlik dolanışığımızı təmin etməyə kömək etdi. Sizə 25 il əvvəlin söhbətini danışıram. İranlı bir dərzi var idi. O məni gördü, əl işlərimi bəyəndi. Mənimlə işləməyi təklif etdi. Bir müddət onunla çalışdım, amma təhsilimi bitirənə qədər. Özüm ixtisasca mühəndisəm. Bu gün isə kommunikasiya sahəsindəyəm.

- Öz şirkətinizi nə zaman açdınız?

- 2009-cu ildə öz şirkətimi açdım. Asan deyildi, indi də asan deyil. Qadın biznesi, ümumiyyətlə biznes asan deyil. Buna möhkəm iradə və təhsil lazımdır. Bu şirkəti tək qurdum, amma sonra ətrafımda yüzlərlə qadın cəmləşdi. Məncə, bu özü artıq uğurdur, kimlərəsə motivasiya vermək, sənin peşəkarlığın, uğurun kimlərəsə dəstək olursa, bu qürurvericidir.

- Tatyana xanım, bu çətin yolda qadının dostu kimdir?

- Bilirsiniz, mən bu sözü hər zaman demişəm. Hər zaman da izah etmişəm ki, nəyə əsaslanır. Qadın üçün ən yaxşı dost qadındır. Amma qadın üçün ən pis düşmən də elə qadının özüdür. Bunu heç vaxt unutmayın.

- Bu gün qurduğunuz şirkətin minimal sərmayəsi nə qədər olub?

- Yoxdur elə bir şey, sərmayə sıfır idi. Maksimum əmək qoyurdum. Qadınlar bu gün məhz bundan qorxurlar. Pul çox şeydir, amma hər şey demək deyil. Niyə? Çünki bizdə ailə var, uşaq var, işləməsək, necə olacaq? Dolanışığı kim təmin edəcək? Bu düşüncələrlə risk etməkdən, əlini daşın altına qoymaqdan çəkinirlər.

- Bəzən sosial şəbəkələrdə evdar xanımlar üçün “evdən çıxmadan ayda 600 manat qazanc” vəd edən paylaşımlara rast gəlirik. Hamısı olmasa da bir çoxu sadəcə vaxt itkisi olur. Xanımlar isə buna aldanır. Bu kimi məsələdə xanımlara tövsiyələrinizi bilmək istərdim.

- Görürsünüz, hər şeyin təməlində təhsil, savad gəlir. Bu gün biz inkişaf etmiş ölkədə yaşayırıq. Xanımlar təhsil, savad, karyera baxımından heç də kişilərdən geri qalmır. Odur ki, öncə təhsil almaq lazımdır ki, qarşıya çıxan problemlərdən doğru, sağlam çıxış yolu tapa bilək, həm də kimsəyə aldanmayaq. Təhsilli qadın cəmiyyətin sağlam təməlində duran əsas özəyidir. O qədər pulsuz “online” təhsil var ki, sadəcə maraq olmalıdır, həvəs olmalıdır. Mənim vaxtım olsa ikinci, üçüncü, dördüncü təhsilimi də alaram.

- Bu artıq 4-cü “SHE” konqresidir. Tədbir gözlənilən nəticələri verirmi?

- Növbəti “SHE” konqresinin bir il sonra Azərbaycanda keçirilməsi gözlənilir. Ümid edirik ki, ilbəil xanım sahibkarların, xüsusilə də uğurlu sahibkar xanımlarımızın sayı artmağda davam edəcək.

Könül Cəfərli

Mənbə: www.oxu.az