Vətəndaşlarımız niyə qanunvericilik təşəbbüsü ilə çıxış etmir? – Yeni qanun buna İMKAN VERİR

Vətəndaşlarımız niyə qanunvericilik təşəbbüsü ilə çıxış etmir? – Yeni qanun buna İMKAN VERİR<span class="qirmizi"></span>

 

Azərbaycan Respublikası Konstitusiyasının 96-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşın imzası ilə qanunvericilik təşəbbüsü irəli sürülə bilər.

Qanunvericiliyə təklif olunan son dəyişikliklərə əsasən isə, vətəndaşların bu hüquqlarından istifadə imkanları daha da sadələşdirəcək.

Belə ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq layihəyə görə, qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların təklif etdiyi layihəyə MSK tərəfindən baxılması zamanı aşağıdakı hallar baş verərsə, onların məhkəməyə müraciətinə 15 iş günü müddətinə baxılacaq və müvafiq qərar qəbul ediləcək:

1. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun və təklif olunan qanun (qərar) layihəsinin qeydiyyata alınmasından imtina barədə;

2. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunun tələblərinə riayət etməməsi barədə.

Lakin ölkəmizdə nəinki bu təcrübədən istifadə olunub, ümumiyyətlə vətəndaşların əksəriyyəti qanunvericilikdə belə bir müddəanın varlığından xəbərsizdir.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin sözlərinə görə, qanunvericilik səviyyəsində bu məsələ təsbit olunsa da, bundan istifadə edən vətəndaş qrupları yoxdur:

“Çünki 40 min imza öz-özlüyündə kiçik rəqəm deyil. Bunu siyasi partiyalar, ictimai təşkilatlar koalisiya şəklində birləşərək, yaxud da vətəndaşlar qruplaşaraq reallaşdıra bilərlər. Bu çox gözəl nümunə olardı. Hesab edirəm ki, bu Azərbaycanda ən demokratik yanaşmalardan biridir və vətəndaşlar qanunvericilik təşəbbüsü ilə çıxış etməlidir”.

Razi Nurullayev vətəndaş təşəbbüsünün parlamentin işinə müsbət təsir edəcəyini də vurğulayıb:

“Bu cür qanunvericilik təşəbbüslərinin olması, böyük bir insan kütləsinin arzu və istəklərini, hökumətin, parlamenti diqqətinə çatdırır. Bu, təbii ki, müsbət haldır. Hesab etmirəm ki, 40 min insanın imzası ilə daxil olan məsələyə etinasız yanaşılacaq, nə parlamentdə, nə də hökumətdə. Bəzən insanlar bizi günahlandırır ki, qəbul etdiyimiz qanunlar vətəndaşların əlehinədir. Qoy, insanların lehinə olan, onları narahat edən, maraqlarına cavab verən layihələri hazırlayıb, Milli Məclisə təklif etsinlər. Qoy, müzakirə olunsun. Bu, bumeranq effekti yaradar, digərləri ə qanunvericilik təşəbbüsü ilə çıxış edərlər”.

Millət vəkili sözügedən addımın insanların qanunvericilik sahəsində bilik və bacarıqlarının artırılmasına zəmin yaradacağını da sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media

Mənbə: bizim.media