May ayında toy etmək uğursuzluq gətirirmi?

Toy insan həyatının ən önəmli günlərindən hesab edilir. Gözəl gəlinlik, toyun keçiriləcəyi məkan, zinət əşyaları hər şey xüsusi zövqlə seçilir. Toy gününün tarixi də əksər cütlüklər üçün əhəmiyyətlidir. Məsələn cütlüklər çox zaman may ayında toy üçün tarix almazlar. Bəzi inanclara görə, may ayında edilən toylar uğursuzluğa düçar olurmuş. Bu adət-ənənə İslam dinində olmasa da, uzun illər Sovet İttifaqının tərkibində olduğumuz üçün xristianlıqdan bizə də sirayət etmişdi.

May ayı deyiləndə, toy-nişan etmək istəyənlər bir addım geri çəkilirdi. Qısası, may ayı münasibətlərin birləşdirilməsi üçün uğursuz ay hesab edilirdi. Qədim inancalara görə, baharın son ayında - mayda evlənənlər heç bir zaman xoşbəxt ola bilməzmiş. May ayında qurulan evliliklərdə, ailədaxili mübahisələr, anlaşılmazlıqlar, xəyanətlər və xəstəliklər olarmış.

 

 

"May ayında toy olmaz" inancı haradan gəlir?

 

Tarixi məlumatlara görə, may ayı əkinçilik üçün aktiv bir ay olduğuna görə, bu ayda hər hansı bir şənlik keçirilməsinin zamanın boşa keçməsi və əkinçiliyə zərər verməsi nəzərə alınaraq sadə əkinçilər tərəfindən icad edilib. Hətta ta qədimdə, evlilik üçün ən uğurlu ay sentyabr ayı hesab edilirdi. Çünki sentyabr ayında artıq məhsul qışa hazır idi və artıq bunu şənlik kimi qeyd etmək olardı. Aradan əsrlər keçsə belə, bu gün bu inancı düşünüb may ayında toy etməkdən imtina edən şəxslər var.

Qədim dövrlərin inanclarına görə, yanvar ayı da toy üçün uğursuz ay hesab edilirdi. İddialara görə, yanvar ayında evlənənlər dul qala bilər. Bu inancın tarixi isə, yenə qədim dövrlərə təsadüf edir. Yanvar ayında kütləvi xəstəliklərin çox olması, havaların çox soyuq keçməsi insanlarda bu fikri formalaşdırmış və zaman keçdikcə bir inanca çevrilmişdi. Amma artıq zaman dəyişdiyi üçün bu gün yanvar ayında insanlar toy edir, xoşbəxt yaşayırlar.

Qədim dövrlərdə fevral ayı evlilik üçün önəmli ay hesab edilirdi. Çünki bu ayda buzlar əriməyə, təbiət canlanmağa başlayırdı. Qədim inanclara görə, fevral ayında keçirilən toyda hava soyuq və fırtınalı olsaydı, cütlüyün həyatı xoşbəxt və firavan keçəcəkdi. Fevral ayının uğurlu hesab edilməsi, ondan sonra martın gəlməsi ilə əlaqələndirilirdi.

 

 

May ayında toy etmək uğursuzluq gətirirmi?

 

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, may ayı da digər aylardandır və bu ayda toy etmək və nişanlanmaq heç də iddia edildiyi kimi uğursuzluq gətirmir. Sadəcə olaraq bu insanlar arasında tarix boyu yayılmış yanlış inancdan irəli gəlir: “Bu inancın konkret tarixi və məkanı yoxdur. Ağızdan-ağıza deyilən və insanlar arasında yayılan bir iddiadır. Amma bütün bunlara baxmayaraq bu gün də buna inananlar çoxdur. Bəzən mənə də müraciət edirlər ki, "may ayında toy etsək, uğursuz olmaz ki?" Mən də izah etməyə çalışıram ki, aylar arasında fərq qoymaq lazım deyil. Ürəyiniz istədiyi zaman imkanınız olduğu zaman evlənin və tarixi heç düşünməyin. Bilirsiniz, hər şey insan düşüncəsinə bağlıdır.

Bəzən məsəl çəkirlər ki, filankəs may ayında evləndi, həyat yoldaşı xəyanət etdi, ayrıldı, dünyasını dəyişdi və s. Bunun ayla heç bir əlaqəsi yoxdur. Bu kimi uğursuzluqları sadəcə olaraq çarəsiz insanlar hansısa ayla əlaqələndirə bilər. Bir insan xəyanət edirsə, onun içindən gəlir. Bir insan dünyasını dəyişirsə, onun əcəlidir. Bir insan ayrılırsa, hisslərinin bitdiyini göstərir. Amma bu problemi yaşayan və reallığa düzgün şəkildə yanaşa bilməyən insanlar bunu toyun keçirildiyi tarixlə əlaqələndirirlər. İnsan, ürəyinin istədiyini etməlidir. Arada sevgi varsa, ayrılma və ya xəyanət olmayacaq. Sevgi yoxdursa siz hansı ay evlənirsinizsə evlənin, eyni taleyi yaşayacaqsınız. Ən yaxşısı isə, batil inanclardan uzaq olmaqdır”.

Psixoloq qeyd edir ki, cütlüklər ailə həyatı qurmamışdan öncə psixoloji məsləhət alsalar, o zaman toy üçün, ayın, günün, ilin fərqi olmayacaq. Batil inanclara da inanmaq lazım deyil. Bu, insanı həyatında hər zaman bir addım geri atır…

İlahin, Bizimyol.info

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Müəmmalı hepatit hallarının sayı artır

SONRAKI XƏBƏR

Azərbaycanda dollar almaq əngəli -