Türkiyədə müalicə olunan Vətən müharibəsi qaziləri ziyarət edilib

Türkiyədə müalicə olunan Vətən müharibəsi qaziləri ziyarət edilib<span class="qirmizi"></span>

 

Bakı, 20 may, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində səfərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “YAŞAT” Fondunun dəstəyi ilə müalicə olunan Vətən müharibəsi qazilərini ziyarət ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə döyüşlərdə yaralanaraq müalicə olunan hərbçilərimizə göstərdikləri şücaətlərə görə minnətdarlıq edilib.

Qazilərin sosial dəstəklə təminatı sahəsində aparılan işlərdən bəhs olunub, o cümlədən onların səmərəli reabilitasiya xidmətləri və vasitələri, son nəsil protezlərlə təmin edildikləri, məşğulluğunun təminatı sahəsində ardıcıl işlər aparıldığı diqqətə çatdırılıb.

Türkiyədə müalicə kursu başa çatan qazilərimizin də ölkəmizə qayıtdıqdan sonra onlarla bağlı reabilitasiya xidmətlərinin davam etdiriləcəyi, məşğulluqlarının təminatı, habelə onların digər istiqamətlərdə sosial dəstəklə əhatə olunması üçün müvafiq işlərin aparılacağı bildirilib.

Mənbə: azertag.az