Gürcüstanın din xadimləri Azərbaycandakı tolerantlığı yüksək qiymətləndiriblər

Gürcüstanın din xadimləri Azərbaycandakı tolerantlığı yüksək qiymətləndiriblər<span class="qirmizi"></span>

 

Tbilisi, 20 may, AZƏRTAC

Azərbaycanda səfərdə olan Gürcüstanın din xadimləri paytaxt Bakının tarixi abidələri və digər görməli yerləri ilə tanış olublar.

Azərbaycanın Gürcüstandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, gürcüstanlı qonaqlar bəşəriyyətin mədəni irs siyahısına daxil edilmiş İçərişəhər ərazisi və Bakının mərkəz hissəsinin füsunkar gözəlliyini seyr ediblər.

Səfər çərçivəsində qonaqlar Bakının Heydər məscidinə baş çəkiblər. Dindarlar bu müqəddəs ocağın ölkəmizdə dini etiqadlara göstərilən qayğı və dəstəyin bariz nümunəsi, bölgəmizin ən əzəmətli məbədlərdən biri olduğunu vurğulayıblar.

Heydər məscidində “Vəhdət və qardaşlıq” barədə cümə xütbəsi oxunub, “Vəhdət” namazı qılınıb.

Gürcüstanlı din xadimləri namaza qoşulub, bu fürsətdən məmnun olduqlarını və onu hər zaman xoş təəssüratlarla xatırlayacaqlarını bildiriblər.

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Bakı şəhərində yerləşən Azərbaycan İlahiyyət İnstitutuna baş çəkiblər.

Din xadimləri elə həmin gün Gürcüstanın Azərbaycandakı Səfirliyində olublar.

Səfir Zurab Pataradze ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib.

Azərbaycan ilə Gürcüstanın dost və qardaş ölkələr olduğunu vurğulayan diplomat deyib ki, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü daim dəstəkləyib. Z.Pataradze Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərdən ibarət nümayəndə heyətləri üçün Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfərlərin təşkilini yüksək qiymətləndirib.

Səfir, qarşılıqlı maraqlara söykənən Azərbaycan-Gürcüstan dostluğunun regionda nümunəvi olduğunu qeyd edib.

Z.Pataradze Gürcüstanın din xadimlərinin Şuşaya səfəri barədə danışıb, qarşıdakı günlərdə Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin komitə rəhbərlərinin də məhz Şuşada görüşünün keçiriləcəyini bildirib.

Qeyd edək ki, qonşu ölkənin din xadimlərinin ölkəmizə səfəri Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə reallaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az