Xaçmaza getsən, Xaçmaz pomidoru tapa biləcəksənmi? – Fermerlərdən ŞOK CAVABLAR

"Nə qədər ki, ölkəyə xaricdən geni dəyişdirililmiş tumlar gətirilir, biz məşhur Xaçmaz pomidoruna həsrət qalacağııq. Belə yad sortlarla biz Xaçmaz pomidorunun əvvəlki şöhrətini qaytara bilməyəcəyik".

Bu sözləri Bizim.Media-ya Xaçmazın Qalağan kəndindən olan fermer Gülzarə İsayeva deyib.

Xaçmaz pomidorunun şöhrətli günlərindən danışan Gülzarə İsayevə bildirib ki, düz 41 ildir ki, tərəvəzçiliklə məşğuldur. 23 yaşından işlədiyi "Xəzər" sovxozunda 1 hektar pomidor sahəsindən 100 ton məhsul götürdüyü vaxtlar olub:


“O zaman "Titan"sortunu əkirdim. Xaçmaz rayon partiya komitəsinin birinci katibi Aslan Nəsibov yüksək göstərici əldə etdiyimə görə mənə onda 3181 manat pul mükafatı və xalça hədiyyə verdi".

Gülzarə xala deyir ki, əvəlki pomidorların dadı vardı, indi ondan əsər-əlamət qalmayıb. Hamı kimi o da məcburdur ki, məhsuldarlıq naminə indiki toxumlardan əksin:

“Əslində dədə-baba sortunu tapmaq da mümkün deyil. Mən çox axtarmışam, bazarda tapılmır. Gətirilən sortlar isə pomidordan başqa nəyə desən oxşayır. Geni dəyişdirilib, ziyanı faydasından çoxdur”.

Xaçmazlı fermerin qənaətinə görə, rayonda məhsulun alış məntəqələri olmamasından da əziyyət çəkirlər:

"1 hektar 20 sot tərəvəz sahəm var. Hardasa 50 sotunda pomidor əkmişəm. Geni dəyişdirilmiş "Lazin"sortu əkmişik. Başqa çarəmiz yoxdur. Axınla getməyə məcburuq. Üstəlik də mövsüm vaxtı pomidorun normal alıcısı yoxdur. Rusiya bazarlarına çıxarmağa da imkanımız çatmır".
Xaçmazın Qaraçay Cek kəndindən olan fermer Cəfər Həsənov da təxminən eyni fikirdədir.

O da deyir ki, 50 sot pomidor sahəsində indi xaricdən gətirilən"Sultan -F-1", "Lazen"sortlarını əkir, əvvəlki yerli sortların toxumlarını tapa bilmir:

"Rayonumuzun "Xaçmaz-18" məşhur pomidor sortu vardı, indi tapa bilmirəm. Çox dadlı idi, həm də daşınma qabiliyyəti güclü idi. Əsasən Rusiya bazarlarına çıxarılırdı. İnternetdə də axtardım, tapmadım".
Cəfər Həsənovu satış problemi, gübrənin bahalığı da narahat edir. Deyir ki, ata-babadan tərəvəz əkirik, amma əvvəlki məşhur Xaçmaz pomidorunu yetişdirə bilmirik.

Hazırda Xaçmazda pomidor əkini davam edir. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, keçən il rayonda 2013 hektar sahədə pomidor əkilmişdi, bu il isə təxminən 2200 hektar sahədə əkin aparılması planlaşdırılır. Hələlik 1200 hektar sahəyə pomidor şitilləri köçürülüb.

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Britaniya MN: Rusiya kəşfiyyat PUA-larının çatışmazlığı ilə üzləşir

SONRAKI XƏBƏR

Bakı metrosunda cibgir tutulub