“Bu qadının gəlişi türklərin Xarkov istiqamətindəki uğurlu savaşını səngitdi...”

“Bu qadının gəlişi türklərin Xarkov istiqamətindəki uğurlu savaşını səngitdi...”<span class="qirmizi"></span>

“Rusiya ilə savaşda Osmanlı ordusu Xarkova hücum edən zaman türk paşasının əmri ilə şəhərdə və yaxın kəndlərdə yaşayan qocalar, xəstələr, qız-gəlinlər çıxarılması təmin edilmişdi...”

 

“Paşanın təhlükəsizliyinə cavab verən ordu xəfiyyə və kəşfiyyat başçısı Salman bəy Zəngəzurlunun etirazlarına rəğmən ordu rəisi hikkəsindən dönmədi...”

 

1702-ci ilin avqustunda Ukrayna ərazisində I Pyotrun lideri olduğu Rusiya imperiyasına qarşı savaşan Osmanlı ordusu Xarkov şəhərini mühasirədə saxladığı halda gözlənilmədən niyə geri çəkildi?..

 

Bu “əməliyyat”da I Pyotrun arvadı Yekaterinanın hansı rolu oldu?..

 

Arvadını yad qucağına göndərməyə I Pyotru hansı hayk gədəsi sövq etmişdi?..

Həmin xəyanətin üstünü hansı Azərbaycan türk sərkərdəsi açdı və İstanbula xəbər verdi?..

Moderator.az bu və digər suallara cavab tapamaq istəyən oxucuları 1960-1980-ci illərdə Azərbaycan Milli Azadlıq hərəkatının tanınmış simalarından olmuş Milli Azadlıq Qərargahının rəhbəri, mərhum tarixçi-yazar Oqtay Eldəgəzin 2014-ci ildə “Poladdan yarpaq” adlı kitabında nəşr edilmiş “I Pyotrun arvadı” və “Qılverən gədə Orli” başlıqlı məqalələri əsasında hazırlanmış materialı oxumağa dəvət edir:

"Birdən ağ tül axşam paltarına bürünmüş, pərişan sarı saçları dolu çiyinlərində xəfifcə dalğalanan mələk timsallı qadın təpədən üzü aşağı enməyə başladı..."

 

“1702-ci sənənin avqust ayının 22-də Qurban bayramına bircə gün qalmış, cümə axşamı Osmanlı türk ordusunun yeniçəri hissələri Xarkov şəhərinin güney doğu civarında mühasirə halqasını kip qapayarkən, günəş qüruba doğru enirdi. Qızmar yay ayları boyu 1 Pyotrun seçmə rus qoşunları Krımdan quzeyə sarı əzişdirilərək, dabanlarına baxmadan geriyə çəkilirdilər. Alatoranlıq düşər-düşməz pas şeypurları çalınan kimi türk döyüşçüləri istirahətə keçmək üçün çadırlar qurmağa başladılar.

 

Ordu başçısı Baltacı Mehmet Paşa kəndi şakərinin xilafına olaraq, bu kərə öz qırmızı sərkərdə çadırını hərbi düşərgənin dışında xırda təpə döşündə saldırmışdı. Bu saymazyanalıq və özünə güvənclik yağılara daha bir ruhi sıxıntı gətirməliydi. Paşanın təhlükəsizliyinə cavab verən ordu xəfiyyə və kəşfiyyat başçısı Salman bəy Zəngəzurlunun(Ayrımtac) etirazlarına rəğmən ordu rəisi hikkəsindən dönmədi, sınanmış cangüdənlər hesabına qırmızı çadırın qoruncu gücləndirildi...

 

Salman bəy on beş il idi ki, Osmanlı ordusunda döyüşürdü. Savaşlarda göstərdiyi cəsurluğa və dönməzliyə görə gələcəkdə Sultan 1 Mahmuddan (1696-1754) iki kəz fəxri fərman, bir altun qılınc alacaq Salman bəy azərtürkdü.o O, gizli elçilərin danışıq və təvəqqələriylə qardaş orduya könüllü getmişdi. Salman bəy Avstriya, Balkanlar və Polşa yürüşlərində göstərdiyi cəsurluq və dönməzliyə görə döyüşçülər içrə hörmət qazanmış, əfsanəvi igidlikləri haqda xəbərlər İstanbul sarayına belə, çatmışdı.

Salman bəy tamiralay(polkovnik-leytenant) rütbəsini daşıyarkən azərtürk yerlimizi saraya çağırmış, Osmanlı Türkiyəsi Silahlı Qüvvələrinin əks-kəşfiyyat idarəsinə başqan təyin etmişdilər. Gələcəkdə Sultan I Muraddan(1696-1754) iki kərə fəxri fərman, bir altun qılınc alacaq yerlimiz sözügedən ağır yürüşün vacibliyini nəzərə alan sultan tərəfindən iki il idi ki, 2-ci Orduya ezam olunmuşdu...

 

...Salman bəy Mehmet paşanı çadırına ötürüb mühafizə sarıdan arxayın-arxayın təpə yamacından düşərgəyə enəndə ulduzlar sayrışan aydın səmada bədirlənmiş ay məsum və sükunətli yay gecəsinə behişt cazibəsi verirdi. Bu zaman paşa şam yeməyini bitirmiş, iki mey kuzəsini boşaltmış, xumarlana-xumarlana pərqu yastıqlara dirsəklənmişdi. Çadır qapısındakı keşikçi yeniçəri on addım aralıdakı cangüdən üçlüyünə tez-tez göz yetirir, mürgülərini qovmaqdan ötrü hərdən onları astadan səsləyirdi. Düşərgədə sönməkdə olan ocaqların zərif tüstüsündən və kollar arası uçuşan atəş böcəklərindən özgə heç nə hərəkətdə bulunmurdu…

 

Sübh namazından sonra Xarkova hücum başlanacaqdı. Paşanın əmriylə şəhərdə və yaxın kəndlərdə yaşayan qocalar, xəstələr, qız-gəlinlər çıxarılması təmin edilmiş, bununla türklərin hər yerdə döyüşqabağı göstərdikləri mərdanəlik ruslara da nümayiş etdirilmişdi…

 

Birdən ağ tül axşam paltarına bürünmüş, əlləri arasında qabarıq sini tutmuş və pərişan sarı saçları dolu çiyinlərində xəfifcə dalğalanan mələk timsallı qadın təpədən üzü aşağı enməyə başladı. Tül altda cılpaq bədənli məxluqə narın qaz yerişiylə paşanın parlaq çadırına tərəf yüyürür, hərdən də tullana-tullana şumşad vucudunu titrədirdi. Kənar üç keşikçi ay işığında süzən bu möcüzəli mənzərənin xofundan bayılaraq yerə sərilmişdi. Qapıdakı sonuncu cangüdənin də halı əsgər dostlarınkından heç də saz deyildi…

 

Düşərgə əhli bu adi olmayan vaqeədən xəbərsiz dərin yuxuya dalmışdı. Gecə saat iki radələrində qadın əyilərək, maneə görmədən çadıra girdi. Kefli paşa qəfil gecə qonağını alacalanmış gözləriylə süzərək ona yanında yer göstərdi, iki küknar qozası kimi sinəsində qabarmışa nəzər saldı, usta dülgər əlindən çıxmış mütənasib rəndələnən ayağına, üstünə-başına baxdı və sərxoş vücudunda qanadlanıb çiyinlərinə qonan ehtiras quşlarını qovmadı…

Artıq ağ tül yataq paltarını soyunmuş qadın nə mələk, nə əcinnə yox, imperator I Pyotrun halalca kəbinli-talaqlı baş zövcəsi, oğlu Alekseyin, doğmaca qızları Mariya və Olqanın anaları imperatriçə Yekaterina Fyodorovna idi. Paşa səhər qaş açılanadək tükənməz şəhvət aləminə dalaraq gecə məşuqəsini zatən təpə ardına kimi yola saldı. Çadırda içərisində 600 ədəd yüksək əyyarlı onluq altun sikkələr qalanmış sini və baha əyləncənin şərti olaraq mühasirənin açılmasına dair rica yazılmış əl boyda kağız qalmışdı. O qadının gətirdiyi bu əl boyda kağız Ukrayna-Rusiya, Xarkov istiqamətindəki uğurlu əməliyyatları səngidən, türk döyüşçülərinin qanlarını hesabsız qoyan müdhiş bir xəyanətin monstrına çevrilmişdi...

 

(Davamı var)

 

Təqdim etdi: Sultan Laçın

 

Mənbə: moderator.az