Dərsliklərdəki səhvlər: məsuliyyət kimdədir?

“Dərsliklərdə məzmun və digər səhvlərə tez-tez rast gəlinir. Xüsusilə də səhvlər daha çox aşağı siniflərin istifadə etdiyi dərs vəsaitlərində qeydə alınır. Dərslik şagirdin istinad etdiyi ən əsas mənbədir. Bu səbəbdən də dərsliklərdə hər hansı elmi və ya texniki səhv yolverilməzdir, qəbuledilməzdir”.

Bu fikirləri Bakupos­t.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert bildirib ki, ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı mütləq şəkildə onların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü və tərbiyəyönümlülüyünə diqqət yetirilməlidir. Eyni zamanda dərslik və dərs vəsaitləri hazırlanarkən onların dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi məsələsi də xüsusi olaraq nəzərə alınmalıdır:

“Dərsliklər hazırlanarkən qeyd edilən tələblərin gözlənilməsi mütləqdir. İstər müəlliflər, istərsə də dərslikləri qiymətləndirmə komissiyaları və yaxud da dərslikərin qiymətləndirilməsinin monitorinqini aparan Dövlət İmtahan Mərkəzi məsuliyyət daşıyan tərəf olaraq bu tələbləri gözləməlidirlər”.

Ekspert vurğulayıb ki, 2000-ci illərdən etibarən ümumtəhsil pilləsində təhsil alan şagirdlərə dərsliklər pulsuz olaraq verilir. Elə o zamandan da dərsliklərlə bağlı problemlər səngimək bilmir:

"İstər ibtidai siniflər, istərsə də V-XI siniflərin dərsliklərində elmi və texniki səhvlərə yol verilir. Bu da cəmiyyət, valideynlər, eləcə də şagirdlər tərəfindən böyük narazılıqla qarşılanır. Bu gün dərsliklərin hazırlanması ilə bağlı mütəxəssis qıtlığı var. Dərsliklərin hazırlanması ilə bağlı texniki məsələlərdənsə, məhz bu istiqamətə, yəni onları hazırlayan mütəxəssislərin olmaması məsələsinə diqqət yetirilməlidir.

Ölkədə yaradıcı müəllimlərin, elmi-pedaqoji fəaliyyətlə məşğul olan kadrların nadir hallarda rast gəlinməsi ilə yanaşı, sistemsizliyin mövcüd olması da əsas problemlərdən biridir. Müəllimlərin elmi-pedaqoji fəaliyyətə cəlb olunmasının stimullaşdırılmaması bu sahəyə marağı azaldır. Dərslik yaza biləcək kadrların yetişməsi üçün lazım mühit yoxdur. Eyni fənn üzrə dərsliklərin ayrı-ayrı siniflər üzrə müxtəlif müəllimlər tərəfindən hazırlanması, dərsliklərdə verilmiş materialların üst-üstə düşməməsi, varislik prinsipinin pozulmasına gətirib çıxarır.

Bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün sistemli işlər görmək və məsələyə kompleks yanaşmaq lazımdır. Məsələn, yeni təyin olunan müəllimləri dərsliklərin müzakirəsinə cəlb etmək, ayrı-ayrı mövzularla bağlı onların hazırladığı materialları ayrı-ayrı fənlər üzrə yaradılan metodik saytlarda yerləşdirmək, onların əməyinin rəğbətləndirilməsi üçün tədbirlər görmək lazımdır.

Məktəblərdə fəaliyyət göstərən fənn metodbirləşmələri ilə birgə dərsliklərin mütəmadi müzakirəsini və qiymətləndirilməsini həyata keçirtmək lazımdır”.

 

Sevinc

BakuPost

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Avtomobil dirəyə çırpıldı, sürücü öldü

SONRAKI XƏBƏR

Kişi ağlayan qızını qəribə üsulla sakitləşdirdi - VİDEO