Saxta qəhrəmanların qanunsuz əməlləri – Qazi adını ləkələyənlər kimlərdir?

Qazi və şəhid ailələrinin adından xoşagəlməz məqsədlər üçün istifadə halları son dövrlərdə tez-tez qarşımıza çıxır.

Təbii ki, şəhid ailələri və qazilərlə bağlı məsələlərə həm cəmiyyət, həm də dövlət tərəfindən həssaslıqla yanaşıldığı məlumdur.

Dövlət qazilərin reabilitasiyasını öz üzərinə götürür, onların xarici ölkələrdə sağlamlıqlarını bərpa etməsi üçün ən yüksək səviyyədə şərait yaradılır. Eləcə də onların sosial müavinətləri, rifah hallarının yaxşılaşdırılması üçün mənzil, avtomobil və digər ehtiyaclarının təmin edilməsi üçün işlərin görüldüyü də bəllidir.

Bunlarla yanaşı, qazilərin problemlərini operativ şəkildə həll etmək üçün bütün icra hakimiyyətlərində müvafiq şöbələr də təsis edilib.

Bu şöbələr vasitəsilə onların problemləri öyrənilir, sənədləşdirilir və həlli istiqamətində zəruri addımlar atılır. Qazilərin işlə təmin olunması məsələsinə xüsusi həssaslıqla yanaşıldığını, istisna hal kimi nəzərə alındığını və bunun üçün bütün lazımi tədbirlərin görüldüyünü də əlavə etməliyik.

Hətta ictimaiyyətdə qazilərimizə böyük rəğbət, məhəbbət hər addımda ifadə olunur. Toyda-düyündə onlara ən mötəbər qonaq kimi yuxarı başda yer ayrılır, efir məkanlarında ağsaqqallar, ağbirçəklər, ziyalılar onları bağrına basırlar.

“Qazi” adına ləkə yaxanlar

Lakin təəssüflər olsun ki, qazi məsələsindən sui-istifadə edənlər də var. Hətta müharibə ilə yaxından-uzaqdan əlaqəsi olmayıb, qazilərə qarşı həssas mövqeydən öz mənfəəti üçün istifadə edənlərə də rast gəlinir.



Bir müddət əvvəl Bakının Sabunçu rayonunda şəhid anasının tikdiyi evin sökülməsi ilə bağlı məsələ yəqin ki, hələ də yaddaşlardadır.

Sonradan məlum oldu ki, ana hələ ötən ilin sentyabrında üçotqalı mənzillə təmin olunub. Eyni zamanda rəsmi məlumata görə, ananın sökülməsinə etiraz etdiyi tikintinin torpaq sahəsi Amil Əliyev adlı maklerə məxsus imiş və adı çəkilən şəxs şəhid anasının adından istifadə etməklə qanunsuz tikinti işləri aparmağa çalışıbmış.

2020-ci ilin sentyabrında Bəxtiyar Məmmədov adlı makler də vətəndaşlardan pul alaraq onların qanunsuz tikintilərinə havadarlıq edib.

Özünü Birinci Qarabağ müharibəsi kimi təqdim edən Bəxtiyarın da sonradan müharibə ilə yaxından-uzaqdan əlaqəsinin olmadığı məlum olub. Məsələnin tragikomik tərəfi isə “qazi”nin 2019-cu ildə külli miqdarda dələduzluq ittihamı ilə həbs olunduğu gerçəyidir.




Digər qazi-makler hadisəsi 2021-ci ilin sentyabrında Bakının Xəzər rayonunda qeydə alınıb.

Rəşad Quliyev adlı narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuş şəxs sakinlərdən pul alaraq onların qanunsuz tikinti işlərinin aparılmasına şərait yaratmağa çalışıb və müvafiq qurumların qanuni tələblərinə “qazi” adından istifadə etməklə qarşı çıxmağa cəhd edib. Onun da “qazi”lərdən olduğu və bu cür saxtakarlıqdan dəfələrlə istifadə etdiyi aşkarlanıb.

Elə mayın 13-də özünü Qarabağ qazisi kimi təqdim edən Ceyhun Məhərrəmovun hadisəsi də bu tip olaylara örnəkdir.

Belə ki, adıçəkilən şəxs qonşularının hücuma məruz qaldığı ilə bağlı yerli KİV-i ayağa qaldırıb. Sonradansa məlum olub ki, Məhərrəmov nə Qarabağ qazisidir, nə də hücuma məruz qalıb. Əksinə əlində bıçaqlarla qonşularına hücum edən və iz itirmək üçün min hoqqadan çıxan da elə “qazi”nin özü imiş.

Ötən il avqustun 19-da Sumqayıtda Aşura mərasimi zamanı özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim edən Nurəddin Həsənov məscidə daxil olmaq üçün qazi adından faydalanaraq polis əməkdaşlarına müqavimət göstərib.

Araşdırmalar nəticəsində Nurəddinin də müharibə iştirakçısı olmadığı aşkarlanmışdı.



Bu il martın 11-də Xansu Quliyev adlı şəxs əynində hərbi forma ilə polis əməkdaşlarına yaxınlaşaraq, yol hərəkəti qaydalarını pozan qadın sürücünün onun həyat yoldaşı olduğunu iddia edib, onu məsuliyyətdən qurtarmaq üçün polislərə müqavimət göstərib.

Xansu polis əməkdaşlarına müqavimət göstərdiyi üçün 15 sutka inzibati həbs cəzasına məhkum edilib.

Ötən ilin iyununda Goranboy rayonunda Anar Süleymanov daha da irəli gedərək, guya rayon icra hakimiyyətində döyüldüyünü iddia edib.

A. Süleymanovun da saxta qəhrəmanlardan olduğu, vətəndaşlara və dövlət rəsmilərinə öz mənafeyi naminə təzyiq etdiyi, eləcə də sosial şəbəkələrdə izləyici toplamaq üçün qazi kartından istifadə etdiyi aşkar olunub.

Oğru elə bağırdı ki...

Vətən üçün həqiqətən vuruşan, gözünü qırpmadan ölümə gedən və qazi olan minlərlə vətəndaşımız var ki, təmkinlə, qaydayla davranır, öz xidmətlərini gözə soxmurlar. Soruşanda da deyirlər ki, oğulun işi Vətən uğrunda şəhid, qazi olmaqdır. Onlar döyüşə gedəndə hər hansı qarşılıq gözləmədən getdiklərini bəyan edir, xidmətlərinin qarşılığının isə düşmən tapdağından azad olan torpaqlarımız, mötəbər tədbirlərə ev sahibliyi edən qələbə simvolumuz azad Şuşa olduğunu bildirirlər.

Lakin, ümumilikdə, bu cür “qəhrəman”ların məqsədi özlərini gündəmdə saxlamaq, imtiyazlar qazanmaq və törətdikləri qanun pozuntularından həmin addan istifadə edərək yaxa qurtarmaqdan ibarətdir.


Təbii ki, özünü qazi kimi təqdim edərək imtiyazlar qazanması, dövlət qurumlarını roldan-rola girərək şantaj etməsi, eləcə də onları qınaq obyektinə çevirməsi yolverilməzdir.

Bir də bir məsələ var, qazilərimizə və şəhidlərimizə bu xalq, dövlət həmişə hörmətlə yanaşır və yanaşacaq da. Amma qanun hamı üçün qanun olmalıdır, qanuna tabe olmaq isə adi vətəndaşın da, qazinin də borcudur.

Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək

SONRAKI XƏBƏR

Putin Ukraynada savaşanlara vəd verdi