Saxta yollarla yaxınlarına şəhid statusu alanlar...

Saxta yollarla yaxınlarına şəhid statusu alanlar...<span class="qirmizi"></span>


Milli Məclisin bügünkü iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanda əlində heç bir əsası, sənədi olmadan müharibə veteranı statusu daşıyan 15 mindən çox insan var.
Musa Quliyev qeyd edib ki, bununla bağlı Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırma aparılır.
Təəssüflə qeyd edək ki, bu gün Azərbaycanda nəinki saxta yollarla müharibə veteranı statusu, hətta çirkin vasitələrlə yaxınlarına şəhid statusu alanların da olduğu iddia edilir.
"Bəzi imkanlı, tanınmış şəxslər məhkəmə hakimləri ilə çirkin işbirliyinə gedərək 90-cı illərdə Qərabağ bölgəsində müxtəlif səbəblərdən (avtomobil qəzası, bədbəxt hadisə və sair səbəbdən) həlak olan yaxınlarına saxta yollarla şəhid statusu almağa cəhd edirlər" - deyə, saytımıza verilən məlumatda bildirilir.
Hətta artıq buna nail olanların, atasına, qardaşına saxta yolla şəhid statusu alanların olduğu iddia edilir.
Qeyd edək ki, bu cür iddialar zaman-zaman mətbuat vasitəsilə gündəmə gətirilsə də, indiyə qədər müvafiq qurumlar tərəfindən hansısa reaksiya verilməyib, ciddi bir tədbir görülməyib. Mətbuatda yer alan xəbərlərə görə, 2000-ci ildən sonra saxta arayışlarla şəhid statusu virilən kifayət qədər şəxs var.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinə görə, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir.
Müvafiq qanuna əsasən, qeyri-döyüş şəraitində həlak olan şəxslərə şəhidlik statusu verilmir. Yalnız döyüş tapşırığının icrası zamanı, canından keçən hərbçilərə Müdafiə Nazirliyinin müvafiq arayışı əsasında şəhid statusu verilir.
Lakin Qanunun tələblərinə məhəl qoymayanlar, müharibə olan bölgədə avtomobil qəzasında həlak olan, hərbi xidmət zamanı xəstəlik və müxtəlif səbəblərdən vəfat edən bir sıra şəxslərə də saxta şəhidlik statusu verirlər.
Bunun üçün ilk öncə yalançı şahidlərin ifadələriylə vəfat edən şəxsin həqiqi ölüm səbəbi saxtalaşdırılaraq, güllə və ya qəlpə yarasından həlak olduğu kimi göstərilir. Sonra isə vəfat edən şəxsin yaxınları “şəhid ailəsi” statusu alırlar. Təbii ki, dövlətin şəhid ailələrinə qayğısından sui-istifadə edərək, müxtəlif imtiyazlara yiyələnirlər.
Bu işlərdə bir sıra rayon məhkəmələrinin, vəkil və hakimlərin də adı hallanır. Məsələn, 2015-ci ildə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırmaları nəticəsində məlum olub ki, Füzuli rayonundan olan Həsənova Əsli Rusiyada öldürülən ərinin Qarabağ döyüşlərində şəhid olması haqda saxta arayış alaraq, dövlətdən 9780 manat təqaüd alıb. Araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədi onlara 2008-ci ildə Beyləqan rayon məhkəmə eksperti Bayramov Fazil müəyyən məbləğ qarşılığında verib. Bu aşkarlanan faktdır. Açığa çıxmayan xeyli belə faktın olduğu da şübhə doğurmur.
Məlumat üçün qeyd edək ki, saxta şəhid statusu alanlarla bağlı Qanunvericilikdə cəza tədbirləri nəzərdə tutulub. Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq, dövlətə dəymiş ziyanın məbləğindən asılı olaraq, təqsirləndirilən şəxsləri 2 ildən - 14 ilədək həbs cəzası gözləyir.
Bu mövzuyla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “AzPolitika.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, müvafiq qanunvericiliyə əsasən, şəxsin şəhid hesab edilməsi hərbi qulluqçulara münasibətdə hərbi hissənin arayışı və ölüm haqqında şəhadətnamə, itkin düşmə hallarında isə məhkəmə qətnaməsi, mülki vətəndaşa münasibətdə isə rayon (şəhər) yerli icra hakimiyyəti orqanının arayışı əsasında müəyyən olunur: “Həmin sənədlər əsasında şəhid hesab edilmiş şəxsin ailə üzvlərinin sosial müdafiə hüquqlarının təminatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, şəhid statusu alan şəxslərin yaxınları dövlətin təyin etdiyi bir sıra imtiyazlardan yararlana bilərlər. Məsələn, şəhidin pensiya hüququ varsa, bu müavinət onun ailə üzvlərinə ödənilir. Pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə, hər bir ailə üzvünə 80 manat məbləğində müavinət verilir. Bundan əlavə hər ay şəhid ailələrinə 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Şəhid ailələrinə on bir min manat məbləğində birdəfəlik ödəmələr olunur. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə təmin olunurlar və sair.
Ancaq təəsüflər olsun ki, bu gün bu imtiyazlardan saxta yollarla yararlananlar həm dövlət büdcəsinə zərər vururlar, həm də şəhid adını öz çirkin əməllərinə alət edirlər. Çünki şəhidlik adi ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Şəhidlər Tanrı dərgahında Peyğəmbərlərdən sonra ən uca və ali məqamda qərarlaşan şəxslərdir. Bu ad hər insana nəsib olmayan müqəddəs, şərəfli və bir o qədər də qürurverici addır. Tarix boyu torpaqlarımızın bütövlüyü uğrunda minlərlə vətəndaşımız öz canını, qanını qurban verərək şəhidlik zirvəsinə ucalıb. Azərbaycanda elə bir şəhər, rayon, kənd yoxdur ki, oradan bu ali məqama yüksələn, şəhadət şərbətini içən olmasın.
Ona görə də müxtəlif çirkin yollarla saxta şəhid statusunun alınması yalnız şəhidlərimizin ruhuna hörmətsizlik deyil, bütün cəmiyyətə təhqirdir. Əsla buna yol vermək olmaz. Belələri ifşa edilib, ən ağır şəkildə cəzalandırılmalıdır!
Elvin
“AzPolitika.info

Mənbə: teref.az