Rəsulzadənin Ankarada məzarı haqqında bilmədikləriniz

Rəsulzadənin Ankarada məzarı haqqında bilmədikləriniz<span class="qirmizi"></span>

Mayın 28-i, Azərbaycan Demokratik Respubikasının yaranmasının 104-cü ildönümündə cümhuriyyətin qurucularından biri Məmməd Əmin Rəsulzadənın Ankaradakı məzarı Azərbaycanla bağlılığı olan insanların əsas ziyarət yerlərindən biridir.

Milli.Az BBC News Azərbaycanca-ya istinadən məqaləni təqdim edir.

Rəsulzadənin məzarı yalnız onun doğum-ölüm tarixlərində və 28 may günü deyil, xüsusilə Azərbaycanın müstəqilliyindən sonra, demək olar ki, mütəmadi ziyarət olunur. Amma Rəsulzadənin məzarı üzərindəki abidə kompleksin yaşı daha gəncdir: ADR qurucusunun vəfatından uzun illər sonra qoyulub.

Rəsulzadənin həyatının təsviri olan abidə

Abidənin müəllifi Tuncer Kırhan həm də Rəsulzadə tərəfindən 1949-cu ildə yaradılmış və bu günə qədər fəaliyyətini davam etdirməkdə olan Azərbaycan Kültür Dərnəyinin baş katibidir. "Abidənin layihəsini hazırlayarkən onun həm estetik quruluşu, həm də memarlıq ölçüləri ilə Rəsulzadənin həyatının təsviri olmasına çalışdım", - abidənin müəllifi deyir. 1955-ci il, martın 6-da şəkər xəstəliyindən müalicə olunduğu Ankara Universitetinin Cəbəci xəstəxanasında vəfat edən ADR qurucusunun dəfn mərasimini Ankara qubernatorluğu həyata keçirib. Tarixi Hacı Bayram-ı Veli camisində keçirilən cənazə namazından sonra Cəbəci Asri məzarlığında dəfn mərasimi gerçəkləşdirilib. Dəfn mərasimi vəfat edən keçmiş dövlət başçısının dəfni protokol tələblərinə uyğun icra edilib. Hazırkı qəbirüstü abidədən öncə Məmməd Əmin Rəsulzadənin məzar üstü müxtəlif vaxtlarda iki dəfə dəyişdirilib. Əvvəlcə sadə bir məzar hazırlanb: Rəsulzadənin nəşi standart məzara qoyulur, üzərində bir başdaşı və standart məzar ölçüsündə - 1 metr hündürlüyü, 2.25 metr uzunluğunda, 1.25 metr genişliyində mərmərdən sarkofaq (üstü qapalı məzar) qoyulub. Bu məzar Azərbaycan Kültür Dərnəyinin üzvləri və dərnəyə yaxın Ankaradakı iş adamlarının imkanları ilə hazırlanıb.

1978-ci ildə Mədəniyyət Dərnəyinin rəhbəri Feyzi Akyüzümün rəhbərliyi dövründə məzara kiçik bir dəyişiklik edilir və üzərində Məmməd Əmin Rəsulzadənin adı, ölüm və doğum tarixləri yazılmış geniş başdaşı əlavə edilir.

1994-cü ildə dərnəklə əlaqəsi olan Azərbaycan əslilli qarslı bir iş adamı şəxsi təşəbbüsü ilə məzar üçün hər tərəfi qapalı, islami və ay-ulduz motivləri ilə işlənmiş dəmir çərçivə hazırlatdırıb. İş adamı bunu məzarın hərtərəfli qorunması üçün edib. Məzar bu dizaynda 2008-ci ilə qədər qalıb. Amma zaman-zaman həm məzarın təmizliyində problem yaratması, həm ziyarətçilərin məzarla təmasını məhdudlaşdırdığı, həm də vizual olaraq məzarın sanki qəfəsə salındığı görüntüsünü verdiyi düşünülərək çərçivə məzarın üstündən götürülüb.

ADR liderinin məzarına ziyarətçi axını məzarın dizaynına ciddi dəyişiklik etmək zərurəti yaradıb. "Azərbaycan müstəqilliyini elan etdikdən və Türkiyə ilə əlaqələr genişləndikdən sonra həm rəsmi şəxslər, həm də sıravi vətəndaşlar tərəfindən Rəsulzadənin məzarına ziyarətçi axını var idi. Məzarüstü abidənin hazırlanması fikri davamlı olaraq dərnəyimizdə müzakirı edilirdi. Mən o zamanlar Qazi Universitetində rəsm müəllimi idim. İncəsənətlə bağlı olduğum üçün bu işi mənə həvalə etdilər. Mən üç maket hazırladım. Dərnəyin idarə heyəti üzvlərinin təmsil olunduğu münsiflər heyəti yaratdıq. Bunların arasında Türkiyə Abidələr Dərnəyinin (Anıtlar Derneği) o zamanki rəhbəri Mehmet Kengerli də vardı. Münsiflər heyəti hazırki abidənin maketini seçdi", - Tuncer Kırhan xatırlayır. Azərbaycan Mədəniyyət Dərnəyinin Ankara Bələdiyyəsinə 2004-cü ildə etdiyi rəsmi müraciətə bir ildən sonra razılıq alıb. Amma Bələdiyyə məzarın yerində qalması şərti ilə, yaxınlıqdakı boş sahədə üstündə Məmməd Əmin Rəsulzadənin adı yazılacaq abidə ucaldılmasını təklif edib. Qurum təklifini belə əsaslandırıb ki, dövlət adamı statusunda olan şəxslərin məqbərəsi məzardan ayrı olmalıdır.

"Bu şərt dərnək olaraq bizi narahat etdi. Düşündük ki, ziyarətçilər məzarımı, abidənimi ziyarət edəcəklər?! Məzarı ziyarət edən adam üçün abidəni ziyarət etməyin mənası qalmayacaqdı. Mən dəhlizi, holu, mərasim və çələng qoyma yeri olan fərqli abidə hazırlamağı düşünürdüm", - Tuncer Kırhan deyir. Qanunla məzar üzərində müdaxilə, dəyişiklik kimi işlərin aparılmasına ailə üzvlərinin razılıq verməsi şərt olduğundan Məmməd Əmin Rəsulzadənin yeganə varisi olan nəvəsi Rəis Rəsulzadə Ankaraya dəvət edilib. Burada o, notarial qaydada babasının məzarının "eyni məzarlıq daxilində başqa yerə köçürülməsi və məzarüstü abidəsinin inşa edilməsinə razılıq verdiyini bildirib və bununla bağlı bütün rəsmi qurum və təşkilatlarda ailəni təmsil etmək hüququnu Azərbaycan Mədəniyyət Dərnəyinə verib.

ADR-in 90 illiyi ərəfəsində Mədəniyyət Dərnəyinin məzarüstü abidənin yaradılması ilə bağlı Türkiyə Abidələr Dərnəyinə etdiyi müraciətə də müsbət cavab verilib.

Bu prosedur məzarüstü abidənin "qorunan abidə" kimi tanınmasına imkan verir.

Rəsmi prosedurların başladığı 2004-cü ildə Abidələr Dərnəyinin rəhbəri, Rəsulzadənin mübarizə yoldaşı Mehmet Kengerli, onun 2006-cı ildə vəfatından sonra isə Azərbaycan Mədəniyyət Dərnəyinin məsləhətçisi Celal Açıkgöz idi.

"Bu isə məzarüstü abidənin hazırlanması ilə bağlı məsələlərin həllində önəmli rol oynadı", Tuncer Kırhan BBC News Azərbaycancaya deyib.

Nəhayət, ADR-in qurulmasının 100-cü ildönümünə iki ay qalmış abidənin hazırlanması işlərinə başlanır. Abidənin müəllifi Tuncer Kırhan deyir ki, abidənin eskizini hazırlayarkən "Çanakkale abidəsindən ilhamlanıb". 1915-ci ildə I Dünya Müharibəsi zamanı Çanaqqala döyüşlərində həyatını itirən türk əsgərlərinin şərəfinə ucaldılmış abidə dörd sütun üzərində oturdulub. Abidə müəllifinin sözlərinə görə, Rəsulzadənin dəfn edildiyi qəbiristanlıqda "məzarlar arasındakı məsafələr çox sıx olduğundan bir santimetr belə iş üçün önəm daşıyıb".

34, 71, 28 və 5 rəqəmlərinin harmoniyası

"Qəbrin üstünə qoyulan sarkofaqın ölçüləri Rəsulzadəyə aid şəxsi məlumatları simvollaşdırlb: ön hissə parlamenti açdığı zaman olduğu 34 yaşı, arxa hissə isə öldüyü 71 yaşı simvollaşdırıb. 71 və 34 santimetr yüksəkliyində bir qranit sarkofaqın üzərinə Məmməd Əmin Rəsulzadənin adı və titulunu yazaraq sadəliyə önəm verdik", - Tuncer Kırhan abidəninnin simvolizə etdiyi məqamları açıqlayıb.

30 kvadratmetr mərasim sahəsi və 4.5 kvadratmetr sahə üzərindəki sarkofaq və postamentlərdən ibarət abidə tək parçalı dörd bərabər sütundan ibarətdir. Sütunların 285 santimetrlik yüksəkliyi cumhuriyyətin qurulduğu 28 mayı simvolizə edir.

Abidə müəllifinin sözlərinə görə, sütunların üzərinə Azərbaycan xalçaçılıq motivlərinin işlənməsi xalq qaynağından yüksələn hürriyyət və istiqlal mücadiləsinin rəmzidir. Abidənin tavan hissəsində qabartmalı səkkizguşəli ulduz və mozaikadan üçrəngli bayraq əks olunub. Bayraq motivi hürriyyət və istiqlalın sonsuza qədər gedəcəyinin rəmzidir.

Məqbərinin üzərinə Məmməd Əmin Rəsulzadənin "İnsanlara hürriyyət, millətlərə istiqlal", "Bir dəfə yüksələn bayraq bir daha enməz" sözləri yazılıb. Abidə Denizli şəhərindən xüsusi sifarişlə gətirdilən materiallardan inşa olunub. Tuncer Kırhan deyir ki, Ankara daşı bu abidənin inşası üçün uyğun deyildi: "Ankarada bir metrdən böyük daş parçası tapa bilmədim. İstehsalçı firma mənə Denizlinin traverten adlı daşını tövsiyyə etdi və onunla işə başladıq". Türkiyənin böyük şəhərlərinin məzarlıqlarında tətbiq olunan qaydalardan biri də məzarlıq aralıqlarındakı küçə adlarının nömrəli olmasıdır. İşlər tamamlandığı ərəfədə müəllifin abidənin yerləşdiyi küçəyə "28 may" adının verilməsi istəyi isə mövcud qaydalara uyğun gəlmirmiş.

Ankara Bələdiyyəsi ilə aparılmış danışıqlardan sonra küçənin mövcud qaydalara uyğun nömrəli adını da qeyd etmək şərti ilə "28 May" yazılımış yeni lövhə qoyulmasına icazə verilib.

Ankara Bələdiyyəsi layihənin icrası zamanı məzarın yanından keçən, eni 16 metr olan yola andezit daşı döşəyib.

Milli.Az

Mənbə: news.milli.az