" Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir" - Deputat

" Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir" - Deputat<span class="qirmizi"></span>

"44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında darmadağın edərək qısa müddətdə ərazi bütövlüyümüzü bərpa edən Müzzəfər Azərbaycan Ordusu yaranmasının 104-cu ilini qeyd edir".

Bunu Sonxeber.az-a deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir:

"Azərbaycan xalqı tarixin ən ağır sınaqlarından üzüağ və şərəflə çıxıb. Xalqımızın məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli Azərbaycan ordusu ermənilərin illərdir yaratdığı mifi darmadağın etdi.

İyunun 26-da, Silahlı Qüvvələr Günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərdə və Laçında oldu, bir güllə belə atılmadan azad edilən bu torpaqlardan Ermənistana və ona havadarlıq etməkdə davam edən dövlətlərə mesajını çatdırdı.

Artıq 2 ildir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü qalib xalqın nümayəndəsi kimi qeyd edirik.

Cənab Prezident İlham Əliyev xalqla və hərbçilərlə görüşdəki nitqində tezliklə ərazi bütövlüyümüzü bərpa edəcəyimizi və 30 il həsrətində olduğumuz torpaqlara qovuşacağımızı daim söyləyirdi. Bu da səbəbsiz deyildi. Çünki cənab Prezident İlham Əliyev dövlət başçısı seçildiyi gündən ordu quruculuğu sahəsində çox mühüm addımlar ataraq, Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, eləcə də müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələləri daim xüsusi diqqət mərkəzində saxlayıb. Məhz ordu quruculuğu və silahlı qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər sayəsində 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm zəfər əldə etdik".

Deputat vurğulayıb ki, Ermənistan Azərbaycanın Müzəffər Ordusu qarşısındakı biabırçı məğlubiyyətini unutmamalı və imzalanan müqavilələrin şərtlərinə əməl etməlidir:

"Ölkə başçısının Kəlbəcərdən ""Dəmir yumruq" yerindədir" mesajını verməsi postmüharibə reallığının hər kəs tərəfindən qəbul edilməsinə dair növbəti xəbərdarlıq oldu. Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr Günündə Kəlbəcərdə hər an ən mürəkkəb şəraitdə qarşıya qoyulan vəzifəni yerinə yetirməyə qadir olan əməliyyat (komando) hərbi hissəsində çıxışı mühüm siyasi-hərbi və tarixi hadisədir.

Bu gün yaranmasının 104-cü ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biridir. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfəri və oradan verdiyi məsajlar bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimiz Baş plan əsasında yenidən qurulur, bərpa edilir. Eləcə də Kəlbəcərin infrastrukturu, elektrik və su təchizatı, evlərin tikilməsi işlərinə start verilir. Laçın rayonunda da yeni hava limanı inşa edilir. Bu beynəlxalq hava limanı 2024-cü ildə açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq.

30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımıza qovuşduran Ali Baş Komandana və Azərbaycanın Müzəffər Ordusuna təşəkkür edirəm. Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

Aysel Yusifqızı

 

 

Mənbə: sonxeber.az