Qusarda şəhidin adını daşıyan məktəbdə büstü açıldı – FOTO

Qusarda şəhidin adını daşıyan məktəbdə büstü açıldı – FOTO<span class="qirmizi"></span>

Qusarda Birinci Qarabağ müharibəsi şəhidi Bəhruz Ağaverdiyevin xatirəsi əbədiləşdirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1994-cü ildən Bəhruz Ağaverdiyevin adını daşıyan Qusar şəhərindəki 1 saylı orta məktəbdə şəhidin büstü açılıb.
Açılış mərasimində şəhidin ailə üzvləri, qazi və keçmiş döyüşçülər, Qusar İH-nin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Arif Xəlilov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin rəisi Canəli Hörmətov şəhid Bəhruz Ağaverdiyevin keçdiyi döyüş yolundan ətraflı danışıblar.
1993-cü ilin mart ayında Ağdərə rayonunun Papravənd kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olan Bəhruz Ağaverdiyevin 1-ci Qarabağ müharibəsinə könüllü getdiyi vurğulanıb.
Şəhidin büstü Birinci Qarabağ müharibəsi iştirakçısı, Qusardakı "Şahdağ" qış-yay turizm mərkəzinin təhlükəsizlik xidmətinin rəhbəri Aqil Gözəlovin birbaşa təşəbbüsü və məktəb rəhbərliyinin birgə təşkilatçılığı iıə ərsəyə gəlib.

Əslən Ağdam-Xocavənddən olan Aqil Gözəlov Bizim.Media-ya bildirib ki, Qusarda 7 aydır işləyir və bu müddət ərzində şəhid ailələri ilə xüsusi maraqlanıb.
Qərara alıb ki, şəhidlərdən birinin büstünün hazırlanmasını təşkil etsin. Aqil Gözəlovun təşəbbüsü və qusarlı iş adamı Sabir Fərzəliyevin dəstəyilə şəhid Bəhruz Ağaverdiyevin büstü qısa vaxt ərzində hazırlanıb.
Büstün müəllifi Qubadan olan heykəltəraş Məzahir Hacıverdiyevdir. Şəhidin atası Əliheydər Ağaverdiyev büstün hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib.
Məktəblilər qəhrəmanlıq şeirləri səsləndirib, mahnılar ifa ediblər. Büstün açılışından sonra iştirakçılar Bəhruz Ağaverdiyevin Qusarın Çiləgir kənd qəbristanlığındakı məzarını ziyarət ediblər.

Aytəkin Alxaslı
 

Mənbə: bizim.media