MTK-larda ÖZBAŞINALIQ: Komendant xidmət xərclərinə görə sakinlərin işığını kəsə bilərmi? – Hüquqi İZAH

MTK-larda ÖZBAŞINALIQ: Komendant xidmət xərclərinə görə sakinlərin işığını kəsə bilərmi? – Hüquqi İZAH<span class="qirmizi"></span>

 

Yeni tikili binalardan ev alan ailələrin əksəriyyətinin problemləri bitib-tükənmək bilmir. Mənzil Tikinti Korporativlərinin vətəndaşlara etdiyi haqsızlıqlarla bağlı olunan müraciətlərə tutarlı cavab verilmir.

Sözügedən problemlərdən biri də yeni tikililərdə lift pulu, təmizlik pulu borcuna görə, mənzillərdə elektrik enerjisinin kəsilməsidir. Şikayətçi Rüfət Qasımzadə bildirir ki, komendant pulunu ödəmədiyi üçün yaşadığı evin elektrik enerjisi kəsilib, özü də evdə körpə uşaq ola-ola:

"Komendant pulu hər ayın 10-na qədər yığılır. Bizdə də maaşı ayın 15-20-si alırıq. Bu 5-10 gün ərzində komendant xəbərsiz ışığımızı söndürür. Dövlətə heç bir borcumuz olmadan, komendantın bunu etməyə ixtiyarı var?


Hara şikayət edə bilərəm? Dəfələrlə demişik ki, pulu 15-20 arası ödəyə bilərik. Üstəlik evde 2 yaşında körpə var. Günlərlə işıqsız qalırıq. 102 ye yığıram deyirlər "Azərenerji"- ə yığın. Ora yığıram deyirlər 102- ə yığın".

Məsələnin həll yolunu tapmaq üçün hüquqşünas Əsabəli Mustafayev ilə əlaqə saxladıq. Onun sözlərinə görə, MTK-nın bu addımı qanunsuzdur:

"Təchizat idarəsi öncəliklə MTK-dan şikayətçi olmalıdır ki, onun icazəsi olmadan hansısa abonentin işığını kəsir. Çünki xidmət həmin quruma aiddir. Heç bir MTK-nın səlahiyyəti yoxdur ki, kommunal xidmətləri kəsərək sakini bir növ cəzalandırsın. Əgər sakin, nəzərdə tutulan rəsmi kommunal ödənişini vaxtlı-vaxtında ödəməyibsə, bu halda həmin təsərrüfat birliyi sakini məhkəməyə verə və ödənişləri geri ala bilər".

Hüquqşünasın sözlərinə görə, MTK-ların bu tip qanunsuz əməllərinə görə, tez-tez şikayətlər alırlar:

"Komendant pulunun çox hallarda ödənilməməsinə sakinlərin haqlı səbəbləri olur. Onlar aylıq ödənişin çox, lakin göstərilən xidmətlərin isə aşağı olduğunu bildirir.
Binanın liftinin tez-tez xarab olması, təmizliyə riayət olunmaması, su, işıq və digər yaşayış üçün vacib hesab edilən resursların verilməsində kəsintilərin olduğunu qeyd edirlər. Bu səbəbdən də əksəriyyət ödəniş etməkdən yayınır", - deyə qeyd edən Ə.Mustafayev qeyd edir ki, vətəndaşlar hüquqlarını bilməli və birbaşa məhkəməyə müraciət etməlidir.

Səkinə Yusibli, Bizim.Media

Mənbə: bizim.media