İldə iki milyondan çox “bəd xəbər”, uşaq zəngləri: Gündə 24 saat işləyənlərlə bir gün - REPORTAJ + FOTO

İldə iki milyondan çox “bəd xəbər”, uşaq zəngləri: Gündə 24 saat işləyənlərlə bir gün - REPORTAJ + FOTO<span class="qirmizi"></span>

 

- Nərimanov rayonunda cinayət baş verib.

- Hadisə harada olub?

- Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında. Xahiş edirik, hadisə yerinə təcili polis göndərəsiniz...

Oxu.Az saytı Azərbaycanda Polis Günü ilə bağlı bu çətin və məsuliyyətli peşəni yerinə yetirənlərdən reportaj hazırlayıb.

DİN-in “102” Xidməti-Zəng Mərkəzindəyik. Buraya hər an hansısa hadisə və yaxud cinayətlə bağlı məlumatlar daxil olur.

Mərkəzə bildirilən məlumat operator tərəfindən dərhal “Operator otağı”nda qeydiyyata alınır və aidiyyəti üzrə ötürülür.

Oradan isə xəbər dərhal müvafiq Rayon Polis Şöbəsinə göndərilir.

“102” Xidməti-Zəng Mərkəzinin rəis müavini Şamxal Muradov deyir ki, il ərzində iki milyondan çox zəng daxil olur:

“Zənglər əməkdaşlarımız tərəfindən qəbul edilir və operativ qaydada qeydiyyata alınaraq baxılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi təmin olunur”.

O qeyd edib ki, respublika üzrə bütün polis idarələri və şöbələri “102” Xidməti-Zəng Mərkəzi ilə sıx əlaqəlidir:

“Məsələn, bir hadisə Nərimanov rayonunda baş verirsə, məlumat oraya ötürülür və əraziyə polis əməkdaşlarının çıxmaları təmin olunur. Bütün post-patrul və növbətçi hissə avtomobillərində GPRS qurğu quraşdırılıb.

Vətəndaşın etdiyi zənglə bağlı məlumat müəyyən rayon üzrə ötürülsə də, həmin xəbər bizim qərargaha da yönəldilir. Bütün bunlara qısa vaxt lazım olur. Qərargah otağında isə əməliyyat-istintaq qrupunun hadisə yerinə çıxması xidmətin əməkdaşları tərəfindən GPRS qurğuları vasitəsilə izlənərək, nəzarət olunur. Daha sonra informasiya toplanır və Daxili İşlər Nazirliyinə göndərilir.

Baş verən hadisə çox vacibdirsə, məlumat nazirliyə dərhal yönəldilir. Bakı şəhəri üzrə daha çox zənglər Binəqədi, Nəsimi və Yasamal rayonları üzrə daxil olur”.

Gün ərzində 25-30 operator xidmətdə olur. Burada əsasən növbəli işdir.

Ş.Muradov qeyd edib ki, bir gün ərzində “qaynar xətt”ə təxminən 7000-8000 zəng daxil olur:

“Zənglərin təxminən 2100-ü hadisə və cinayətlərlə bağlı olur. Mahiyyəti aydın olmayan, habelə daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələlərə dair müraciətlər qəbul olunmur və bu barədə vətəndaşa müvafiq izahat verilir”.

Rəis müavini əlavə edib ki, mərkəzə uşaqlar da çox zəng edirlər:

“Biz həmin məlumatı təyin edirik və polisi əraziyə yollayırıq. Çünki ciddi hadisə ola bilər və o danışa bilməz. Əgər uşaq bilmədən zəng edibsə, əməkdaşlar valideynə tövsiyə verirlər”.

Burada anonim məlumatlar qeydiyyata alınmır. Yalnız əməliyyat marağı kəsb edən məlumat olduqda qeydiyyata alınır və nazirliyə ötürülür.

“102” Xidməti-Zəng Mərkəzinə yalan məlumatlar da daxil olur. Bu zaman isə xəbəri verən vətəndaş mütləq tapılır. Onun barəsində qanunla nəzərdə tutulmuş qaydada ölçü götürülür.

Operator Pərixanım Cəbrayılova deyir ki, 2017-ci ildən burada çalışır:

“İşimiz çətin olsa da, məsuliyyətlidir. Mərkəzə gələn zəngləri biz “Operator otağı”nda qəbul edirik. Buradakı operatorlar məlumata heç bir müdaxilə etmədən aidiyyəti üzrə həmin ərazidəki polis bölməsinə ötürürlər və bizim işimiz yekunlaşır”.

Qeyd edək ki, “102” Xidmətinin operatorlarının hamısı xanımdır. İşçilər növbəli olaraq 24 saat işləyirlər. Zənglərin sayı gecə saat 2-dən sonra bir az azalır. Ən çox məlumatlar yol nəqliyyat hadisələri ilə bağlı olur.

Operator Sevinc İbrahimova deyir ki, 2019-cu ildən mərkəzdə çalışır:

“Gün ərzində təxminən 350-400 zəng qəbul edirik. DİN-ə aid məsələ olduqda müvafiq rayon üzrə ötürürük. Bəzən olur ki, yaşlı adamdır, pensiyasını bilmir və bunun öyrənəcəyi aidiyyəti qurumu tapa bilmir, buraya müraciət edir.

Biz də öz növbəmizdə müraciət edən şəxsə lazımi qurumu tapmaqda kömək edirik. Yeni növ koronavirus pandemiyası zamanı evdən çıxa bilməyən vətəndaşlar daha çox zəng edirdilər. Biz onların müraciətini müvafiq rayon üzrə yönəldirdik. Onlar da vətəndaşlara kömək edirdilər”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az