Qəhrəman şəhid polisin oğlu atasının peşə bayramı günü əsgər getdi – Aytəkin Alxaslının REPORTAJI

Qəhrəman şəhid polisin oğlu atasının peşə bayramı günü əsgər getdi – Aytəkin Alxaslının REPORTAJI<span class="qirmizi"></span>

 

Bu gün peşə bayramını qeyd edən Azərbaycan polisinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş daha bir cəsur əməkdaşından danışacağıq.

Qusar polis şöbəsinin əməkdaşı olmuş Qalib Quliyevi şəxsən tanıyırdım. Polisin keçirdiyi əməliyyatlarda bir neçə dəfə birgə iştirak etmişik və Qalib həmişə öndə gedib.

Barəsində danışacağım əməliyyatda da Qalib ön sıralarda olub. Həmin vaxt ANS televiziyasının əməkdaşı kimi əməliyyatı eksklüziv olaraq geniş işıqlandırmışdım. 2013-cü il oktyabr ayının 16-da Qusar polisinin radikal dini qrup üzvlərinin yaxalanması məqsədilə keçirdiyi əməliyyat tədbiri silahlı insidentlə nəticələndi.
Silahlı cinayətkarların açdığı atəş nəticəsində Qusar polis şöbəsinin rəis müavini Məhəmməd İbrahimov, cinayət axtarış bölməsinin rəisi Mövlud Əliyev, baş əməliyyat müvəkkili Cəmil Nəsirov yaralanmış, əməliyyat müvəkkili Qalib Quliyev isə bir neçə dəqiqədən sonra xəstəxanada keçinmişdi.

Yaxşı yadımdadır, həmin gün xəstəxanada olarkən Quba polis şöbəsinin o vaxtki əməkdaşı Fazil Məmmədov peşman-peşman pilləkənləri düşüb gedəndə "Qalib necədir?" sualıma ondan eşitdiyim cavabı indi də unutmuram:

"Heyf,Qalib getdi, heyf"

Qalib Quliyev ertəsi gün doğulduğu Quba rayonunun Çiçi kənd qəbrustanlığında torpağa tapşırılıb. Dəfn günü iynə atsan, yerə düşməzdi. Həyət də, məzarlıq da insanla dolu idi. Onu tanıyan, tanımayan hər kəs son mənzilə yol salmağa gəlmişdi.

Qeyd edək ki, igid polislərimizdən olan Qalib Quliyev 2007-ci il sentyabr ayının 9-da da radikal qrup üzvlərinin gülləsinə tuş gəlmişdi, həmin vaxt xeyli müalicə alıb həyata, işinin başına qayıtmışdı, bu dəfə isə ölümün caynağından qurtula bilmədi. Ölümündən sonra 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilən Qalibin ailəsi indi Xaçmaz şəhərində yaşayır.

Həyat yoldaşı Tünzalə Quliyeva deyir ki, "Qalibsiz yaşamaq çox çətin olsa da onun iki yadigarını böyütdüm. Uşaqların onda böyüyünün 13, balacasının isə 11 yaşı vardı. Qalibin bizə kəsilən maaşı ilə onun iki oğlunu sağlam böyütdüm".
Tünzalə xanım kövrəkliklə onu bildirdi ki, təsadüfə baxın, ali hüquq təhsili alan böyük oğlumuz Elvin bu gün hərbi xidmətə yola düşür - atasının peşə bayramında.

Elvinə uğurlu hərbi xidmət arzulayır, atası Qalib Quliyevə isə Allahdan rəhmət diləyirik.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu




Mənbə: bizim.media