Nazirlər Kabineti yolların bağlanması barədə ən azı 7 gün öncədən məlumat verməli, insanları xəbərdar etməliydi ETİRAZ


Azərbaycan bütün quru sərhədlərini bağlayıb. İstər Azərbaycan-İran, istər Azərbaycan-Türkiyə, istərsə də Azərbaycan-Gürcüstan sərhəddində bu səbəbdən minlərlə insan qalıb. Öncədən planlaşdırdıqları kimi, icazə ilə sərhəddi keçməyi qərarlaşdırdıqları halda, Nazirlər Kabinetinin gizli qərarı ilə sərhəddin bağlanması üzündən yollarda qalıblar. Xeyli xərc çəkiblər, vaxtları gedib, yol qət ediblər.
Hərçənd Nazirlər Kabineti yolların bağlanması barədə ən azı 7 gün öncədən məlumat verməli, insanları xəbərdar etməliydi. Lakin buna zərurət belə duymayıblar. Çünki əhali onların marağında deyil.
Amma əsas məsələ bu deyil. Sərhəddə qalmış adamlardan bir nəfərini gördünüzmü ki, Nazirlər Kabinetinin qarşısına gəlib etiraz etsin və ya verilən qərarı sorğulasın? Sosial şəbəkələrdə 50-60 nəfərdən başqa kimsənin buna etiraz etdiyini gördünüzmü? Görmədiniz və görmədim.
Azərbaycan xalqı öz taleyinə o qədər biganə, o qədə əhəmiyyətsiz yanaşır ki, onun həyatını, maddi güzəranını, sağlamlığını sual altında qoyan qərarları belə sorğulamır, etiraz etmir.
Bəziləri deyir ki, Avropadakı hökumətlər pandemiyanın aradan qalxması səbəbindən məhdudiyyətləri aradan qaldırdı. Real yanaşma deyil. Əksər Avropa ölkələrində məhdudiyyətlərin ləğvi ilə bağlı kütləvi etirazların olması səbəbindən hökumətlər pandemiya oyununa son qoydular. Bizdə isə buna nəinki etiraz edən var, heç bu barədə düşünən (bir qism insanı çıxmaq şərti ilə) də yoxdur.
Fikrət Fəraməzoğlu

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda QƏZA: "Prado" aşdı

SONRAKI XƏBƏR

Putin danışıqlar masasına oturmaq istəmir - İtaliya