Xızıda kollektor drenaj sistemində təmizləmə işləri aparılır

Xızıda kollektor drenaj sistemində təmizləmə işləri aparılır <span class="qirmizi"></span>

Xızıda kollektor drenaj sistemində lil və kol-kosdan təmizləmə işləri aparılır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, torpaq mülkiyyətçilərini vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin əksər rayonlarında meliorativ tədbirlər həyata keçirir. Hazırda idarə əməkdaşları Xızı rayonu ərazisində yerləşən kollektor drenaj sistemində lil və kol-kosdan təmizləmə işlərini icra edir. Uzunluğu 13 km olan kollektor-drenaj şəbəkəsi xüsusi texnika vasitəsi ilə təmizlənir. Bu işlərin mütəmadi aparılması nəticəsində əkin sahələrindən qrunt sularının qısa müddətdə dənizə ötürülməsinə nail olunur. Nəticədə torpaqların münbitliyi artır və məhsuldarlıq yüksəlir.

Qeyd edək ki, son illər Xızı rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib. Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar idi. Ölkə başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Xızı rayonunda da nəzərəçarpacaq işlər görülüb. Bu tədbirlərin nəticəsidir ki, bu gün rayon suvarılan sahələr 12959 hektar təşkil edir. Həm əvvəllər mövcud olan həm də əkin dövriyəsinə yeni cəlb olunan sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədi ilə 327 km uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 km-i açıq, 225 km-i isə qapalı tiplidir. Kanallar üzərində 1883 ədəd hidrotexniki qurğu quraşdırılıb. Həmçinin 135 km uzunluğunda kollektor drenaj şəbəkəsi qurulub.

Mənbə: www.unikal.org