Valideynlərin DİQQƏTİNƏ: Yeniyetməlik yaşında uşaqlarınızda bilirsiniz nə baş verir? – Ekspertdən İZAH

Valideynlərin DİQQƏTİNƏ: Yeniyetməlik yaşında uşaqlarınızda bilirsiniz nə baş verir? – Ekspertdən İZAH<span class="qirmizi"></span>

Yeniyetməliyin beş aparıcı xüsusiyyəti bioloji böyümə və inkişaf, qeyri-müəyyən status, natamam qərar qəbulu, artan təzyiqlər və özünü axtarışa çıxmaqdır. Bu proses 11-19 yaş aralığında baş verir. Bu faza fiziki inkişafın sürətlənməsi, psixoloji və davranış dəyişiklikləri ilə uşaqlıqdan yetkinliyə çevrilmə ilə xarakterizə olunur.

Həmin zaman kəsiyi valideyn-övlad münasibətlərinin ən həssas dövrü sayılır və böyüklərdən xüsusi davranış tələb edir. Bunu isə çox zaman cəmiyyət olaraq qavramırıq. El arasında “uşağından ərgənlik dövründə muğayat ol” ifadəsi isə ancaq basqı, kritik nəzarət, cəza mexanizimlərinin tətbiqi kimi başa düşülür.

Bəs belə dövürdə hansı cəza tədbirlərindən istifadə etmək olmaz və niyə?

Psixoloq Gülər Məmmədova qeyd edir ki, yeniyetməlik dövründə cəza tətbiqi heç doğru üsul deyil:

“Bizim cəmiyyətimizdə əksər valideynlər hər yaşın inkişaf dinamikasına uyğun psixo-fizioloji xüsusiyyətləri unudaraq, kor-təbii uşaq böyüdürlər. Yeniyetməlik yaşına gələn uşaqda da hormonal, fiziki, psixoloji dəyişikliyi baş verəndə və onun da müqabilində görünüşündə, səsində, davranışlarında müəyyən gözəçarpan hərəkətlər olanda valideynlər həddindən artıq təpki göstərməyə başlayır”.

Ekspert yeniyetmələrin özünəməxsus xüsusiyyətlərini sadalayıb:

“Özünü daim haqlı hesab etmək, zərərçəkmiş kimi görmək, “məni anlamırlar, başa düşmürlər, istədiyimi edə bilmirəm, onların qanunları ilə yaşayıram” deyə fikirləşmək, xarici görkəmlərindən razı qalmamaq, məntiqlərinə deyil, duyğularına əsaslanmaq buna misaldır. Yeniyetmələr məntiqi adekvat addımlar atmadan, duyğuları ilə hərəkət edərək psixoloji aspektdən depressiv hallara düçar olurlar”.

Gülər Məmmədova bildirir ki, yeniyetməlik yaşından etibarən insanın aparıcı fəaliyyət növü təlim, peşə olduğundan qarşısına qoyulan tələbatlar genişlənir, yəni yüklənmə də baş verir:

“Gənclər elə bir tələbatlar üzləşməli olurlar ki, onlar məcburən ətrafın, doğmaların, valideylərin təpkilərini qəbullanmalı olurlar. Bəzən ziddiyyətlər olur, kiçik konfliktlər yaranır. Valideyn-övlad münasibətləri arasında bir-birindən uzaqlaşma olur, hətta üz çevirib biri digərinə nifrət bəsləyə bilir. Burada valideynin cəza tətbiq etmək istəyi ortaya çıxır. Yeniyetməlik yaşına qədər gəlmiş bir insanın quruluşunu cəza ilə dəyişdirmək istəyi bir növ yeniyetmənin daha da aqressiv reaksiyalarına səbəb olur”.

Ekspert sonda onu da qeyd edir ki, yeniyetməlik dövründə qeyri-adekvat hərəkət sərgiləyən insanları mütəxəssisə aparmalı və valideyn -mütəxəssis-yeniyetmə üçlüyü arasında kollektiv iş aparılmalıdır.

Mia Quliyeva, Bizim.Media

Mənbə: bizim.media