Ukraynada 17 jurnalist öldürülüb - Azı yeddi nəfər gülləbaran altında həlak olub...

Ukraynada 17 jurnalist öldürülüb - Azı yeddi nəfər gülləbaran altında həlak olub...<span class="qirmizi"></span>

"Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri döyüş əməliyyatları nəticəsində 17 jurnalist həlak olub, daha 14-ü yaralanıb".

"AzPolitika.info" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında çıxışı zamanı bu qurumun İnsan haqları üzrə ali komissarı Mişel Baçelet deyib. Şura BMT-nin Ukraynada insan haqları üzrə monitorinq missiyasının hesabatını müzakirə edib.

BMT-nin məlumatına görə, ən azı yeddi nəfər gülləbaran altında həlak olub, onlardan beşinin Rusiyanın hücumları nəticəsində öldüyü güman edilir.

Bildirilib ki, daha beş jurnalist aktiv döyüş əməliyyatları aparılan ərazilərdə öldürülüb, bütün hallarda hücum edənlərin şəxsiyyəti müəyyən edilməyib. Bir jurnalisti isə Rusiya hərbçiləri oğurlayıb və işgəncələrə məruz qalıb – o, azadlığa buraxıldıqdan qısa müddət sonra ölüb.

Bundan əlavə, BMT-nin monitorinq missiyası Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə media işçilərinin oğurlanması ilə bağlı yeddi faktı qeydə alıb. BMT hesabatına görə, Rusiya ordusu ən azı iki dəfə jurnalistlərin olduğu avtomobilə qəsdən atəş açıb. Jurnalistlər Kiyev yaxınlığındakı İrpen şəhərini ağ bayraqla və "PRESS" yazısı olan avtomobillə tərk etməyə çalışıblar.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri BMT 335-i uşaq olmaqla 4 min 889 ukraynalı mülki şəxsin ölümünü sənədləşdirib. 8 milyon ukraynalı evlərini tərk edib. BMT vurğulayır ki, faktiki rəqəmlər daha çox ola bilər - Rusiya təcavüzü qurbanlarının sənədləşdirilməsi üzərində iş davam edir.

Mənbə: azpolitika.info