İkinci Qarabağ müharibəsi qazisinin doğum günü Reabilitasiya Mərkəzində qeyd olunub

İkinci Qarabağ müharibəsi qazisinin doğum günü Reabilitasiya Mərkəzində qeyd olunub<span class="qirmizi"></span>

 

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, inşa edilərək yüksək keyfiyyətli avadanlıq və böyük təcrübəyə sahib tibbi işçiləri ilə təmin olunan Buzovna Reabilitasiya Mərkəzi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2020-ci ilin noyabr ayından torpaqlarımızın bütövlüyü uğrunda şücaət və qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin xidmətindədir.

AZƏRTAC xəbər verir ki, iyulun 6-da Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Reabilitasiya Mərkəzində olub, burada müalicə olunan qazilərə baş çəkib və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Yusif Ağaməmmədovun doğum günü münasibətilə onu Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani nəzərə çatdırıb ki, 25 yaşına qədəm qoyan Yusif qardaşımız əslən Yevlax şəhərindəndir. O, Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra valideynlərinin razılığı ilə taleyini həmişəlik orduya həsr etmək məqsədilə xüsusi kurs keçmiş və Füzuli, Cəbrayıl rayonları istiqamətlərində dislokasiya edilən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri kimi ön səngərdə xidmətini davam etdirmişdir.

Döyüş və mənəvi-psixoloji hazırlıqda, təlimlərdə və düşmən təxribatlarının qarşısının alınmasında fərqləndiyinə görə dəfələrlə mükafatlandırılan manqa komandiri İkinci Qarabağ müharibəsinin ilk günündən döyüş meydanlarına atılaraq, düşmənin keçilməz hesab etdiyi “Ohanyan səddi”nin yarılmasında, darmadağın edilməsində, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının bir neçə yaşayış məntəqəsinin işğaldan azad olunmasında əsl igidlik göstərmişdir.

Şiştəpəyə hücum əməliyyatı zamanı yaralansa da, döyüşü davam etdirərək tabeliyində olan manqanın üzvləri ilə birlikdə Xocavənd rayonunun Tuğ kəndinə qədər irəliləmişdir.

Mərmi partlayışı nəticəsində ağır yaralandığından Şuşaya bayraq sancmaq arzusuna çatmasa da, qəhrəman döyüşçülərimiz şəhid və yaralılarımızın intiqamını döyüş meydanında alaraq onların arzularını gerçəkləşdirmiş, Şuşaya Zəfər bayrağımızı sancaraq otuz ilin Qarabağ həsrətinə son qoymuşlar.

Bakıda, qardaş Türkiyənin məşhur tibb ocaqlarında ən yüksək səviyyədə müalicələr almasına baxmayaraq, cəsur döyüşçümüz hələ də əlil arabasından xilas ola bilməyib. Ancaq o ruhdan düşmür, tezliklə sağalıb ayağa duracağına, azad edilmiş tarixi torpaqlarımızda geniş vüsət alan tikinti-quruculuq işlərini seyr edəcəyinə və yeri gələrsə, orada çalışanların sıralarına qoşulacağına inanır.

Yusif Ağaməmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunduğu “Cəsur döyüşçü”, Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına görə və Vətən müharibəsinin iştirakçısı medallarını sinəsində qürurla daşıyır.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifələrini icra edən general-mayor Bəkir Orucov vaxtilə qərargah rəisi olduğu ordu korpusunun igid əsgərini bağrına basaraq ona şəfalar diləyib, doğum günü münasibətilə təbrik edib və müdafiə naziri general-polkovnik Zakir Həsənovun göndərdiyi şəxsi hədiyyəni cəsur döyüşçüyə təqdim edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən qismən səfərbərliklə xidmətə çağırılan və Ağdərə-Suqovuşan istiqamətlərində döyüşən qazi əsgər Rövşən Həsənzadə də müdafiə nazirinin hədiyyəsini minnətdarlıqla qəbul edib.

Cəsur döyüşçünü təbrikə gələnlərdən Vətən müharibəsi iştirakçısı polkovnik Elvin Əzizov, Aprel döyüşlərinin, o cümlədən Vətən müharibəsinin iştirakçısı Vüsal Paşazadə və başqaları Yusifə ən səmimi arzularını bildiriblər.

İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərin yaratdığı böyük qələbə ovqatı, tükənməz həyat eşqi ilə yaşayan igid qazimiz də, onun anası Rəfiqə xanım da göstərilən qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Reabilitasiya Mərkəzində müalicə olunan qaziyə doğum günündə belə nəcib, xeyirxah və səmimi münasibət göstərən Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Mənbə: azertag.az