Ölümə qaçan piyadalar, qətliam kimi qəzalar: Həyatımızın səhvini harada edirik? - ARAŞDIRMA + FOTO

Son vaxtlar ölkə ərazisində yol-nəqliyyat hadisələrinin sayı artıb.

Belə ki, ötən həftənin şənbə və bazar günü respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən qəzalar zamanı yeddi nəfər həlak olub, iki nəfər isə yaralanıb:

“Baş vermiş hadisələrin dördü piyada vurma, biri toqquşma, biri aşma, biri isə velosipedçini vurmadır. Aparılan araşdırmalar deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin növləri içərisində piyada vurma halları yenə də üstünlük təşkil edir.

Ümumilikdə piyada vurma hadisələrinin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçmələri hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir.

Bütün bunları nəzərə alaraq bir daha yol hərəkəti iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına riayət etsinlər, unutmasınlar ki, ani diqqətsizlik onların və başqalarının həyatı bahasına başa gələ bilər”.

“İnsan yönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanovun sözlərinə görə, qlobal miqyasda yol-nəqliyyat hadisələri hər il təxminən 1,3 milyon ölümə və təqribən 50 milyon yaralanmaya səbəb olur ki, bu da bütün dünyada uşaq və gənclərin əsas qatilinə çevrilir:

“Vəziyyəti nəzərə alsaq, yol-nəqliyyat hadisələri növbəti onillikdə daha 13 milyon insanın ölümünə və 500 milyon yaralanmasına səbəb olacaq. Bu da öz növbəsində bir çox ölkələrdə davamlı inkişafa mane olacaq. Azərbaycanda da yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alanların sayı, təəssüf ki, getdikcə artmaq üzrədir.

Sadəcə xəbərləri izləməklə də orta statistikanı müəyyən etmək olar. Yol-nəqliyyat hadisələrinin əsas qurbanı da piyadalardır. İlk olaraq biz anlamalıyıq ki, şəhərdə hamı piyadadır, hətta sürücü də avtomobilinə minənə qədər və avtomobilindən düşdükdən sonra piyada olur. Yol-nəqliyyat hadisələri zamanı bütün hərəkət iştrakçılarının təhlükəsizliyini təmin edən müasir dünyada “Vision Zero” konsepsiyasının (beynəlxalq səviyyədə qəbul edilmiş Yol Hərəkətinin Təhlükəsizliyi üzrə konsepsiya) sistematik təhlükəsizlik prinsipidir.

Bu konsepsiyanın əsas məqsədi yol-nəqliyyat qəzalarının sayını minimuma endirməklə, bu qəzaların nəticəsində baş vermiş ölümlərin və sağlamlığa dəymiş ciddi xəsarətlərin sıfıra endirilməsidir. Bu proqram ilk dəfə 1997-ci ildə İsveçdə qəbul edilib və əldə edilən uğurlu nəticələri nəzərə alınaraq dünyanın bir neçə iri şəhərində və inkişaf etmiş dövlətlərdə (ABŞ, Kanada, Niderland, Böyük Britaniya və s.) nümunəvi proqram kimi qəbul olunub.

Əsas prinsip belədir: “Həyat və sağlamlıq ən ali dəyərdir və heç bir digər ictimai maraq insan həyatından üstün ola bilməz”. İnsanlar qəsdən və ya bilmədən səhvlərə yol verirlər. Bu amil qaçılmazdır və məhz bu səbəbdən yol infrastrukturu və müvafiq nəqliyyat siyasətləri elə qurulmalıdır ki, ani səhvlər insan tələfatına və ya ciddi xəsarətlərə qətirib çıxarmasın.

Eyni zamanda, insan orqanizmi həssasdır, o, avtomobillə toqquşmaya tab gətirə bilmir. Yol hərəkətini təşkil edənlər, yol-nəqliyyat infrastrukturunu quranlar və müvafiq qanunvericiliyi qəbul edənlər (və ya qəbul etməyənlər) məsuliyyəti yol hərəkəti iştirakçıları ilə bölüşməlidirlər”.

Arzu Süleymanov qeyd edib ki, nəqliyyat və təhlükəsizlik problemlərinin həlli üçün dünya təcrübəsindən keçmiş müasir yanaşmaların tətbiqi olduqca vacibdir:

“Konsepsiyada vurğulanır ki, şəhərdə hamı üçün rahat və əlçatan piyada infrastrukturu olmalıdır. Burada yeraltı və yerüstü piyada keçidləri müasir yanaşmada qəbul edilmir. Şəhər küçələrində tam maneəsiz və baryersiz mühit yaradılmalıdır, eyni zamanda, piyada keçidlərinin yerlərinin təyin olunması prosesində insan axını nəzərə alınmalıdır”.

Ekspert deyir ki, ictimai nəqliyyatdan istifadə həvəsləndirilməlidir:

“Şəhər əhalisinin mobilliyi birinci növbədə ictimai nəqliyyat tərəfindən qarşılanmalıdır. İctimai nəqliyyat öz rahatlığı, sürəti, təhlükəsizliyi və etibarlılığı ilə sərnişinləri cəlb etməlidir. Şəxsi avtomobillərin günün pik saatlarında istifadəsi xüsusi çəkindirmə alətləri vasitəsilə azaldılmalıdır. Şəhər parkinq siyasətini tətbiq edərək iqtisadi metodlarla sürücüləri gündəlik avtomobil istifadəsindən çəkindirməyə çalışmalıdır”.

“Yüksək sürət yol-nəqliyyat hadisələrinin yaranmasına və hadisə nəticəsində baş verə biləcək xəsarətlərə təsir edən əsas faktorlardan biridir. Nəqliyyat vasitəsinin sürətinin bir km/saat artması qəza riskini üç faiz artırır.

Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsinin piyada və velosipedçilərə də təsiri böyükdür. Məsələn, avtomobil 30 km/saat sürətlə hərəkət edirsə və piyadanı vurursa, piyadanın 90 faiz sağ qalma ehtimalı var, lakin sürət 45 km/saat olanda sağ qalma ehtimalı 50 faizə enir. Sürət 80 km/saat və daha çox olanda piyadanın artıq heç bir şansı yoxdur. Küçə-yol şəbəkəsində icazə verilən sürətləri optimallaşdırmaq və səmərəli şəkildə nəzarət etmək (radar, kamera və s.) vacibdir.

Sürətlər küçə-yol şəbəkəsinin funksiyasına uyğun seçilməlidir. Bütün hallarda şəhərin daxilində olan küçə və prospektlərində maksimal sürət 50 km/saat-dan yüksək olmamalıdır. Dünya təcrübəsi göstərir ki, küçə-yol şəbəkəsində sadəcə sürət limitlərinin azaldılması uzunmüddətli effekt vermir, bu səbəbdən nəzarət mexanizmlərinin də optimallaşdırılması və təkmilləşdirilməsi vacibdir”, - deyə A.Süleymanov əlavə edib.

Dünyada qəbul edilmiş sürət məhdudiyyətləri (ən qabaqcıl təcrübə):

 

 

 

Küçə-yol şəbəkəsinin növü

Maksimal sürət

1.

Yerli küçələr (məhəllələrarası, sıx yaşayış olan ərazilər)

30 km/s

2.

Əsas şəhər küçələri (eyni səviyyəli kəsişmələrin olduğu küçələr)

50 km/s

3.

Ayırıcı zolağın olmadığı şəhərdənkənar yollar

70 km/s

4.

1-ci və 2-ci kateqoriyalı yollar

100 km/s-dan çox

 

O qeyd edib ki, “Vision Zero” konsepsiyasına əsaslanan və Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin Birləşmiş Millətlər Təşkilatının Regional Komissiyaları tərəfindən Birləşmiş Millətlər Təşkilatının yol təhlükəsizliyi üzrə əməkdaşlığı və digər maraqlı tərəflərlə əməkdaşlıqda 2021-2030-cu illər üzrə Fəaliyyət Onilliyinin həyata keçirilməsini dəstəkləmək üçün rəhbər sənəd kimi Qlobal Plan hazırlanıb:

“Bu planın “Yol təhlükəsizliyi üçün ortaq məsuliyyət” bölməsində siz “məsuliyyətsiz sürücü”, “səriştəsiz sürücü”, “məsuliyyətsiz piyada” ifadələrini görə bilməzsiniz. Əksinə, “Hökumətin rolu” bölməsində - hökumət (milli və yerli) vətəndaşların yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün əsas məsuliyyəti daşıyır. Bu plana əsasən, davamlı yol hərəkəti təhlükəsizliyi sistemi yaradılmalıdır.

Davamlı şəkildə təhlükəsiz yol hərəkəti sistemində hökumət qəzasız hərəkət sistemi üçün son məsuliyyəti öz üzərinə götürməlidir. Bu sistemdə hər bir uşaq düzgün məhəllə planlaması, təhlükəsiz yol planı, təhlükəsiz sürət və kifayət qədər fiziki qorunma sayəsində məktəbə təhlükəsiz şəkildə piyada və ya velosipedlə gedə bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün dövlət proqramı təsdiq edilib, təəssüf ki, bu proqramın reallaşması qeyri-müəyyən səbəblər üzündən yubanır.

İlhamə Əbülfət

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Regionların ictimai nəqliyyat problemi - Elə rayonlar var ki, ötən əsrdən qalma avtobuslar işləyir

SONRAKI XƏBƏR

Azərbaycanda məktəb bufetlərində yoxlamalara başlanılır