“ONLARIN HƏDƏFİ MÜSTƏQİLLİYİMİZDİR” – “Təşkilatçılar açıq və ya gizli şəkildə cəzalandırılmalıdırlar”

"Azərbaycanın Londondakı səfirliyinə hücum və dövlət bayrağının endirilməsi Azərbaycanın suverenliyinə, dövlətçiliyinə qarşı yönəlmiş terror hadisəsidir. Azərbaycanda hansısa şiənin təqib olunmasına etiraz tam bir bəhanədir. Təqib olunanla həmrəylik nümayiş etdirmək belə olmur. Etiraz aksiyası belə olmur. Bu, Azərbaycan dövlətinə, dövlətçiliyinə hədədir, təhdiddir".

Bu sözləri təhlükəsizlilk məsələləri üzrə ekspert İlham ismayıl Londonda Azərbaycan səfirliyinə hücum hadisəsini "AzPolitika.info"-ya şərh edərkən deyib.

Ekspert xatırladır ki, üç aydan çoxdur ölkədən kənarda fəaliyyət göstərən radikal islamçılar istər İrandan, istərsə də Rusiyadan təhdidlər yağdırırlar və Azərbaycanda “kərimə dövləti” yaratmağı təbliğ etməklə, konstitusion dünyəvi dövlət qurluşunun ləğvinə çağırışlar edirlər. Onun sözlərinə görə, Məhərrəmlik ayı bəhanə edilərək, gözlənilməyən yerdən, Avropanın mərkəzindən Azərbaycan dövlətinə açıq hücum faktı ilə qarşılaşdıq: "London aksiyası göstərir ki, Azərbaycan qlobal güclərin maraqlarının toqquşduğu bölgə olaraq hədəfdədir. Altı aydır ki, bəşəriyyət Qərb və Rusiya qarşıdurmasının Ukraynanı necə poliqona çevirməsinin şahididir. İran, Rusiya, Qərb və Türkiyənin maraqlarının Cənubi Qafqazda da toqquşması və Qarabağ münaqişəsinin yaratdığı reallıqlar hərr zaman Azərbaycanı belə bir poliqona çevirə bilər. Azərbaycan indiyədək apardığı siyasətlə bu məkrin reallaşmasına imkan verməyib, bundan sonra da tədbirli və ehtiyatlı siyasət davam etməlidir. İslam bayrağı altında tələblə çıxış edənləri Azərbaycanda guya təqib olunan hansısa şiə maraqlandırmır, heç adlarını da bilmirlər. Onların hədəfi nə dindir, nə inanc, onların hədəfi Azərbaycanın müstəqilliyidir. Onlar bu müstəqilliyə son verib, şəriət dövləti qurmaq istəyirlər. Azərbaycan bayrağını yerə atıb tapdalayanın burda müdafiə etdikləri potensial vətən xainləridi, onlara aman yoxdur. Millət və onun dövləti hər cür dini inancdan üstündür. Onların müdafiə etdikləri konkret şəxslər varsa, onlara müraciət edilməlidir ki, sizi müdafiə edənlər Azərbaycanın bayrağını tapdaladılar, onlara necə münasibət bəsləyirsiniz? Sizin dostlarınız bayrağımızı təhqir ediblər, həm də sizlə həmrəydirlər, bəs sizlər necə, onlarla həmrəysinizmi?"

İlham İsmayıl deyir ki, London polisinin biganə, seyrçi mövqeyi, səfirlik əməkdaşlarının heç bir müqavimət göstərməməsi bu insidentin mahiyyəti qarşısında ikinci dərəcəli məsələdir. "Onu sağa da, sola da müzakirə etmək olar, amma əsas, din bayrağı altında Azərbaycan dövlətinə qarşı olan bu hücum, bunun arxasında dayanan qüvvələrin və ya dövlətlərin kimliyi və məqsədidir. Bu, bizə müəyyən dərəcədə bəlli olsa da, sonadək bu işin arxasınca gedilməli, təşkilatçılar müəyyənləşməli və açıq və ya gizli şəkildə cəzalanmalıdırlar, o cümlədən burda müdafiə etdikləri də", - ekspert vurğulayıb.

Rasim

"AzPolitika.info"

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Rusiyada müəlliməyə "antimüharibə" nitqinə görə 5 il şərti cəza verilib, donosu şagirdi yazıb

SONRAKI XƏBƏR

Aİ Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün səylərini davam etdirəcək