Lahıcda 2 əsrlik tarixi abidə MƏHV OLUR - FOTO

 

Turistlərin ən çox üz tutduğu məkanlardan olan İsmayıllının Lahıc kəndindəki tarixi ev məhv olmaqdadır. Söhbət Lahıcın mərkəzində yerləşən təxminən 2 əsr yaşı olan 3 mərtəbəli və 72 otaqlı “Hacı Qurban” mülkündən gedir.

Tikili tarixi abidə kimi qorunsa da, son zamanlar baxımsızlıqdan çökmə və yox olma ehtimalı ilə üz-üzədir. Ciddi restavrasiyaya ehtiyacı var.

Məsələ ilə baağlı Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında bildirib ki, 132 saylı qərarda Dövlət reyestrinə daxil olmayıb:


“Abidə ilə bağlı məsələyə Lahıc Dövlət Memarlıq Qoruğu cavabdehdir. Həmin qurum isə Turizm Agentliyinin balansındadır”.

Məsələ ilə bağlı Turizm Agentliyindən isə məsələnin araşdırılıb məlumat veriləcəyi qeyd edilib.

Qeyd edək ki, sözügedən mülkü İsmayıllının Lahıc qəsəbəsində 1823 -cü ildə Girdiman çayının sahilində o dövrün varlı şəxsləri olan Hacı Paşa və Hacı Qurban qardaşları inşa etdirib.

Binaya giriş iki tərəfdən mümkündür: Girişin biri Bədəvan məscidi tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətindəndir. Abidəni Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.

Bu binanın həyətində ibtidai siniflər üçün otaqlar ayrılıb, konsertlər, kütləvi tədbirlər, el şənlikləri də təşkil olunub. Binanın həyətində xalça sexləri də fəaliyyət göstərib.

Məlumatlara görə hazırda iri və tarixi evin bir hissəsi təmir olunub və binanı tikdirən şəxsin nəslindən olan ailə yaşayır. Digər hissəsinin isə restavrasiyaya ehtiyacı var.

Qeyd edək ki, Lahıc qəsəbəsi Azərbaycanın turizm baxımından öndə gedən məkanlardan biridir. Lahıca dünyanın hər yerindən turistlər təşrif buyurur.
Məlumat üçün bildirək ki, qeyd olunan məsələ 3 il əvvəl də gündəmə gətirilmişdi. O vaxtdan indiyədək tarixi tikili ilə bağlı heç bir restavrasiya işləri aparılmayıb.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Erməni diplomat Ukrayna xalqına Qarabağla əlaqədar yalanları dalbadal dedi...

SONRAKI XƏBƏR

Olsi Yazedji: “Albaniya Serbiya və Kosovo arasındakı mübahisədə tərəf tutmaq niyyətində deyil”