Adlar sağkən əbədiləşdirilməlidirmi? - “Büst qoymaq ənənəsi əvvəllər olmayıb”

“Əslinə qalsa, dəyərli insanların şərəfinə vəfa və etibar borcu olaraq abidələr ucaldılmalıdır. Xatirələrini sağkən yaddaşlarımızda möhkəmlətməliyik. Yoxsa vəfat edəndən sonra yox. Cabir Novruzun dediyi kimi, “sağlığında qiymət verin insanlara”.

Bunu insanların adlarının sağkən əbədiləşdirilməsi ideyası ilə bağlı Oxu.Az-a açıqlama verən yazıçı Rəşad Məcid deyib.

Qeyd edək ki, Azərbaycanda insanlar sanki ancaq dünyasını dəyişəndən sonra qiymətə minirlər - şəxsin adına küçə salınır, abidə ucaldılır. Yəni bir sözlə, insanlara öləndən sonra qiymət verilir. Lakin digər ölkələrdə belə deyil. Məsələn, qonşu Türkiyədə tanınmış yazıçı, şairlərin sağkən xatirələri əbədiləşdirilib.

Bəziləri bunun sırf düşər-düşməzlik baxımından edilmədiyini də deyirlər. Bəs görəsən, əslində, necə olmalıdır? İnsan sağkən adı əbədiləşdirilə bilərmi?

Yazıçı Rəşad Məcid bəzən dəyərli insanlara lazımi qiymət verilmədiyini deyib:

“İnsanların, təəssüf ki, bir-birlərinə qarşı kin-küdurəti həddindən artıq çoxalıb. Bizim dəyərlərə, dəyərli insanlara lazımi qiymət verilmir. Hətta sağlığında onlara qarşı çox pis münasibət göstərilir. Dünyasını dəyişəndən sonra insanlar qiymətə minirlər, artıq ənənə halına çevrilib. Hamı arzulayır ki, ona sağlığında dəyər verilsin”.

R.Məcid qeyd edib ki, sağ insanın xatirəsinə büst qoymaq ənənəsi əvvəllər olmayıb:

“Bu il rəhmətə gedən Teymur Bünyadovun 10-15 il öncə Qazaxda “Ədiblər bağında” büstü qoyulmuşdu. Bir çoxları buna təəccüblə yanaşırdılar. Çünki sağ adama büst qoymaq ənənəsi heç vaxt olmayıb. Göyçayda “Şairlər bağı”nda şair Əli Kərimin abidəsi var. Orada tanınmışlara büst qoyulmuşdu. Xalq yazıçısı Anarın da şərəfinə büst qoyulub. Bu, insana xoş təsir bağışlayır. Bu kimi hallar yavaş-yavaş bəzi ənənələrdən uzaqlaşdığımızı göstərir”.

Rəşad Məcid əlavə edib ki, Vətən Müharibəsi Qəhrəmanlarının da adı əbədiləşdirilməlidir:

“Bizim işğaldan azad olunmuş torpaqlarımızda Vətən Müharibəsi Qəhrəmanlarının adlarını əbədiləşdirməliyik. Küçələrə adları verilə, abidələri ucaldıla bilər. Həmin rayondan olan insanların da adı verilə bilər. Ramiz Rövşənin Qubadlıda, Laçında isə Malik Fərruxun abidəsi ucaldıla, küçələrə adları verilə bilər”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda hərbi təlimlərdən yayınan şəxs həbs edilib

SONRAKI XƏBƏR

Mariupolda partizanlar anbarı yandırdılar