Deputatdan səhv dolu statusuna REAKSİYA – “Dil müəllimim məsələni ictimailəşdirən jurnalistin atası olub”

Milli Məclisin Qaradağdan təmsil olunan deputatı Aydın Hüseynovun Ələt qəsəbəsində keçirilən görüşdən paylaşdığı “Facebook” statusu gülüş mənbəyinə və ciddi müzakirələrə yol açıb. Deputat üç cümləlik statusda xeyli səhvə yol verib. Statusun yazılmasından bir gün keçsə də millət vəkili ciddi hərf və cümlə səhvlərini aradan qaldırmayıb.

Aydın Hüseynov Bizim.Media-ya açıqlamasında gülüş mənbəyinə çevrilən statusuna münasibət bildirib. O, deyib ki, ilk olaraq bu məsələni jurnalist Həbibə Abdulla ictimailəşdirib.

Hansı ki, deputatın da Azərbaycan dili və Ədəbiyyat müəllimi elə jurnalistin atası olub:

“Statusun əsas mahiyyəti o hadisəni göstərməkdir. Siz də bilirsiz ki, bu, mobil telefondan yazılır və orada “i” və “l” hərfləri ingilis əlifbasına keçəndə qarışır. Əsas məsələnin mahiyyətinə varmaq və görülən işə baxmaq lazımdır.
Onu ictimailəşdirən Həbibə xanım idi. Onun atası da mənim Azərbaycan dili və ədəbiyyat müəllimim olub. İctimai-siyasi proseslərə və ya Azərbaycan dilinin orfoqrafiyasına kobud təsir edəcək nəsə varsa, deyin düzəldək. Telefonun texniki imkanlarından yaranan səhvdir. Bu isə qəbul edilən və anlaşılandır. Məgər mən sözlərin yazılışını bilmirəm? Hər bir şeydən nəsə tapmaq olar. Əsas odur hadisə çatdırılır və orada hər hansı texniki səhvin olması başadüşüləndir”.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

“RUS “DƏRİN DÖVLƏTİ” PUTİNİ HAKİMİYYƏTƏ BUNA GÖRƏ GƏTİRİB...” - “Böyük qüvvələrin Rusiyanın dağılmasını istəməməsinin 3 səbəbi var”

SONRAKI XƏBƏR

Ermənistana daha bir “sürpriz” edə bilərik – Ədalət Verdiyev