Nazirlik rəsmisi: "Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər"

Azərbaycan qlobal istiləşmənin qarşısının alınması üçün könüllü olaraq üzərinə bir sıra öhdəliklər götürüb.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, həmin öhdəliklərdən biri atmosferə atılan qazların həcminin 35 % azaldılmasıdır: "Əgər əvvəllər bizdə elektrik enerjisinin istehsalı mazut hesabına həyata keçirilirdisə, indi biz onu təbii qazla əvəz etməklə həmin dediyimiz 35 % azalmaya nail olmuşuq. Beynəlxalq təşkilatlarla əməkdaşlığa, gələcək perspektivə əsaslanaraq, biz azalmanı hətta 40 %-ə çatdıra biləcəyini bildirmişik.

İri sənaye dövlətləri - ABŞ, Kanada, Yaponiya, Çin, Rusiya və digər ölkələrlə müqayisədə iqlim dəyişilməsinə səbəb olan qazların buraxılması baxımından bizim töfhəmiz azdır. Lakin biz də istəyirik ki, bu təsirə məruz qalan bir ölkə kimi bu məsələdə lazımi qədər aktiv olaq”.

Rafiq Verdiyev deyib ki, qlobal temperaturun artması Azərbaycanı hər şeydən öncə ciddi su qıtlığı ilə üz-üzə qoyacaq: “Temperaturun son 30 ildə 1,4 dərəcə artması, yağıntının 10-15 % azalması, son dövrdə quraqlıq illərin çoxalması onu göstərir ki, su resurslarımız 15 % azalıb. Bəzi ərazilərdə səhralığa meyillik artıb. Quru ərazilər genişlənir və bu da həmin o landşaftda şaquli istiqamətində dağlara doğru iqlimin sərtləşməsinə gətirib çıxarır.

Əgər havaya atılan karbon qazının miqdarı lazımi həddə tənzimlənməsə, hadisələr Azərbaycan üçün daha əlverişsiz ssenari üzrə cərəyan edər. Karbon qazının miqdarını lazımı hüdudda tənzimləmək mümkün olmasa, temperatur 4 dərəcə və daha çox arta bilər. Bu da o deməkdir ki, yağıntılar ciddi miqdarda azala bilər. Həmçinin, su resurslarımızın 30-35% azalması ehtimalı var.

Temperatur 4 dərəcədən çox artarsa, buxarlanma çoxalarsa, ölkəmizin su resursları azala bilər. Bu da Xəzər dənizinə daxil olan suların azalmasına, dənizin səviyyəsinin bir neçə metr də aşağı düşməsinə gətirib çıxara bilər. Ona görə də uyğunlaşma tədbirləri keçirilməlidir. Beynəlxalq qurumlarla, Yaşıl iqlim fondu, BMT-nin digər təşkilatları, Qlobal ətraf mühit fondu və s. təşkilatlarla əməkdaşlıq edirik. Həmin o əməkdaşlıq çəçivəsində milli uyğunlaşma planı hazırlanır”.

Ekspert hesab edir ki, Azərbaycan ilk növbədə suya qənaət texnologiyaları tətbiq etməlidir: "Suvarma üçün götürülən suyun torpaq kanallarda itməsinin qarşısı alınmalıdır. Araşdırmalara görə, suvarma üçün mənbələrdən hər il 12 milyard kubmetr su götürülür və bunun 4 milyard kubmetrdən çoxu yolda itir. Suvarmada modern texnologiyaların olmaması üzündən götürülən suyun 2 milyard kubmetri də sahələrdə itir. Yəni suvarma üçün götürülən suyun yarıdan çoxu itkiyə gedir. Azərbaycan məhz bu amili nəzərə almalı, enerji böhranının qaçılmaz etdiyi qlobal istiləşmənin gözlənilən fəsadlarına belə problemlərin həlli ilə hazırlaşmalıdır".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Laçın uğrunda həlak olmuş şəhidin 50 illik yubileyində barelyef problemi...

SONRAKI XƏBƏR

Bu il “Azəriqaz”ın 14 əməkdaşı işdən çıxarılıb