Narkomaniyaya sürüklənən QADINLAR: "Beynəlxalq təcrübələri öyrənərək..."

Əvvəlki illərlə müqayisədə Azərbaycanda narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Hazırda Azərbaycanda 34 mindən çox narkotik aludəçisi var. Onlardan 556-sı isə qadındır. Qadınlar arasında narkotik vasitələrə marağın artması isə təəssüf doğurur.

Mövzu ilə bağlı gender məsələləri üzrə ekspert Aynur Veysəlova Yenicag.az-a açıqlamasında bildirib ki, narkomaniya ilə mübarizədə effektiv nəticə əldə etmək üçün metodların dəyişdirilməsi zəruridir:

“Bu gün narkotik aludəçisi olan qadınların sayı artmaqda davam edir. Bir qadının narkoman olmasının müəyyən səbəbləri var. Bəzi hallarda narkotik aludəçisi olan kişi qadını da narkotik vasitədən istifadə etməyə məcbur edir və ya qadın bilmədən ona hansısa formada narkotik vasitə verilir. Təəssüf ki, bir çox gözəllik salonlarında arıqlamaq adı altında qadınlara müəyyən narkotik həblər verilir. Hətta xanım istəməyərəkdən qadın alverinin qurbanı da ola bilər.

Bütün hallarda bir insanı cəmiyyətə qaytarmaq mümkündürsə, bu işdə hər kəs həmrəy olmalıdır. Ən başlıcası, biz problemi qəbul etməyi bacarmalıyıq. Yalnız bu halda arzuolunan nəticə əldə edə bilərik. Narkotik aludəçisi olan insan da, ilk növbədə, özü pis vərdişindən imtina etməyi bacarmalıdır. Bu halda həmin şəxsə dəstək olmaq daha asan olur. Narkomaniyaya qarşı sosial çarxların hazırlanmasına, çağırışların edilməsinə və eyni zamanda, mübarizə metodlarında dəyişikliklərin edilməsinə ehtiyac var. Beynəlxalq təcrübələri öyrənərək yeni yanaşmalar tətbiq olunmalıdır. Beynəlxalq təcrübədə olan bir metoda görə, vaxtilə özü narkoman olmuş şəxs artıq narkotik aludəçilərinin bu vərdişdən uzaqlaşması üçün mübarizə metodlarını təbliğ edir. Bu təcrübə ölkəmizdə də tətbiq oluna bilər”.

Gülşən Şərif

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

F-16-larla bağlı mühüm gəlişmə - Türk nümayəndə heyəti ABŞ-a gedir

SONRAKI XƏBƏR

İranlı iş xanımı Atefeh Kərimi Azərbaycanda mükafata layiq görüldü