Deputat kimi qalmaq üçün qızını oğlan edib...

Əfqanıstanda ailədə oğul övladı yoxdursa, o zaman qızlardan biri oğlan rolunu oynaya bilər. Bu adət “Baça-poş” adlanır. Bu isə bizim dilə tərcümədə “oğlan kimi geyinmiş” deməkdir.

Bizimyol.info xəbər verir ki, “baça-poş” valideynlərə sosial və maddi vəziyyəti yaxşılaşdırmağa kömək edir, qızlara isə bir az azadlıq verir. “Mən dünyada nə desən, olmağı arzulayardım, yalnız Əfqanıstanda qadın olmaqdan başqa...”,- əfqan şairə Röyanın şeiri bu fikirlə bitir. Həmin şeir ilk dəfə 2010-cu ildə Əfqan Qadınlarının Yazıları layihəsi çərçivəsində nəşr olunub.

Dörd il sonra məhz bu əsəri amerikalı yazıçı Cenni Nordberq “Kabilin yeraltı qızları” kitabının birinci səhifələrinə yerləşdirmişdi. Amerikalı yazıçı yazırdı ki, bu kitab əfqan qadınlara həsr olunub. Onlar göstərdilər ki, “şalvarda daha sürətli qaçmaq və daha yüksəklərə qalxmaq mümkündür”.

Kitabın qəhrəmanları uşaqlıqdan üzərinə kişi rolunu götürən əfqanıstanlı qızlar –“ baça-poş”lar idi. O qızlar saçlarını qısa kəsdirir, onlara oğlan adları verilir, paltar geyinmir, hicab taxmır, əvəzinə köynək və şalvar geyinirlər.

Araşdırmaçılar Əfqanıstanda bu təcrübənin nə vaxt yarandığını və orada nə qədər geniş yayıldığını hələ ki, müəyyənləşdirə bilməyib. Tədqiqatçılara bu günə məlum olan ancaq onun səbəbidir. Bu səbəblərdən biri də cəmiyyətdə kök salmış patriarxal stereotiplərlə bağlıdır.

“Bir çox üçüncü dünya ölkələrində olduğu kimi, Əfqanıstanda da oğul gələcəkdə ailənin dayağına çevrilə biləcək şəxs hesab olunur. Bu baxımdan insanlar oğlan uşaqlarının doğulmasına üstünlük verirlər”,- “Forbes Woman”a müsahibəsində dilçi Sultan Əhməd Şoyab belə deyib.

Linqvist mütəxəssisin sözlərinə görə, təkcə kişilər deyil, qadınlar da istəyir ki, onların qızı yox, oğlu doğulsun: “Demək olar ki, bu da mentalitetdən irəli gələn məsələdir”.

Onun dediklərini əfqanıstanlı qadınlar özləri də təsdiqləyir. O qadınlar ki, qız övladlarının doğulmasından sonra diskriminasiyaya məruz qalıblar.

Nanqahar vilayətində yaşayan Cəmilə Sülh Müharibə Xəbərləri İnstitutuna müsahibəsində oğlan uşağı dünyaya gətirə bilmədiyinə görə yaşadığı əziyyətdən danışıb: “Altıncı qızımı dünyaya gətirəndən sonra ailəm mənimlə danışmırdı, ərim məni döydü. Həyatım o qədər ağırlaşdı ki, mən artıq belə yaşamaqdansa, ölməyin daha yaxşı olduğunu daim düşünürəm”.

Əfqanıstanda qız uşağının doğulmasına görə günah qadının üzərinə atılır. Cenni Nordberq kitabında yazır ki, bir çox əfqan kişilər qadının öz bətnində olan övladının cinsini seçmək imkanına sahib olduğunu düşünür. Hesab edirlər ki, qadın bu barədə çox düşünməklə seçim edə bilər.

Sultan Əhməd Şoyabın fikrincə, bu cür düşüncə həm uzun illər davam edən müharibə, həm də təhsilin səviyyəsinin aşağı olmasından irəli gəlir. Başqa bir xurafat da var. Bu da odur ki, əgər ailədə “baça-poş” olsa, sonradan o ailənin oğul sahibi olmaq şansı artacaq.

Bir çox valideynlər varis yaratmaq üçün qızlarını oğlan kimi geyindirirlər. Bəzən də elə olur ki, “baça-poş” ikinci oğul rolunu oynayır.

Əfqanıstanlı Şukirə də bu təcrübədən keçib. Ona uşaqlıqda oğlan paltarları geyindiriblər, böyük qardaşını müşayiət eləmək üçün onu hər yerə aparıblar. Ana oğlunu itirməkdən qorxurdu, ona görə qardaşının yeməyini, içkisini əvvəl o yeyib-içirdi. Məqsəd isə oğul övladını zəhərlənməkdən qorumaq idi. Şukirənin sözlərinə görə, valideynləri ona deyirmiş ki, bu rolda olmaq onun üçün böyük şərəfdir.

Bəzi hallarda “baça-poş” ailə üzvlərinə sosial stiqma və lazımsız suallardan qaçmağa kömək edir. Oğlu olmayan ailə Əfqanıstanda tam olmayan ailə, oğul - varis dünyaya gətirməyən qadın isə uğursuz sayılır.

Əfqanıstan parlamentinin keçmiş üzvü Azita Rafaat 4 qız dünyaya gətirib. Bu isə ona ailəsi və ərinin münasibətinin dəyişməsilə yanaşı, həm də siyasi karyerasına təsir göstərib. O, “New York Times”a müsahibəsində deyib ki, oğlu olmadığına görə seçicilər məni perspektivsiz siyasətçi kimi görürdülər.

Azita ərinə təklif edib ki, kiçik qızı Manuşu oğlan kimi geyindirsinlər, adını da dəyişib Mehran eləsinlər. Bu da ona parlamentdə yerini qorumağa kömək edib.

Bu ailəni o qədər yaxından tanımayanlar elə bilirdi ki, Rafaat ailəsi oğul böyüdür. Amma çox yaxın dostlar, qonşular və müəllimlər uşağın əsl cinsini bilirdilər.

2011-ci ildə “TrustLaw” layihəsi çərçivəsində aparılan araşdırmalar nəticəsində Əfqanıstan qadınların vəziyyətinin pis olduğu ölkələr sırasında birinci idi.

“Baça-poş” yetkinlik yaşına çatanda adətən, qadın roluna qayıdır. Çünki ailə qurmaq yaşına çatır. Amma bu keçid heç də həmişə hamar olmur. Bir çoxları sonradan qadın kimi davranmağa hazır olmurlar.

20 yaşında yenidən qadınlaşan və ərə gedən Şükriyə bu barədə danışır: “Mənə qadınlar arasında olmağı, necə davranmağı, necə danışmağı öyrətmək lazım idi”.

Onun sözlərinə görə, oğlan kimi böyüdüyündən ətrafındakı bir çox qızların xüsusiyyətləri onda yox idi. Məsələn, yemək hazırlaya bilmir, geyindiyi paltarların ətəkləri ayağına dolaşırdı.

Elə hallar da olur ki, “baça-poş” qadın cinsinə qayıtmaq istəmir. Onlara istədikləri kimi qalmaq huququ da verilir. Məsələn, Host vilayətindən olan siyasətçi Bibi Hakmin danışır ki, 1979-cu ildə sovet qoşunları Əfqanıstana daxil olanda onun cəmi 10 yaşı vardı. Həmin vaxt böyük qardaşı Kabildə oxuyurdu, kiçik qardaşının yaşı isə isə çox az idi, əlinə silah götürə bilməzdi. Ona görə atası Bibiyə “baça-poş” olmağı təklif edib. O, atasıyla birlikdə mücahidlərə qoşulub, informator kimi fəaliyyət göstərib.

O, böyüyəndə atası ərə getməsini istəyib, lakin razılaşmayıb. Bibi müsahibəsində deyib ki, özünü qadın kimi hiss eləmirdi. O, kişi kimi geyinməkdə davam edirdi. Baxmayaraq ki, Host şəhərinin vilayət şurasının üzvü olmuşdu, yenə də evdən avtomatsız çıxmırdı.

Aytən, Bizimyol.info

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Dövlət Departamentindən İranda qadın alveri ilə bağlı ŞOK HESABAT

SONRAKI XƏBƏR

Mbappe: "Real"a heyranam"