Laçına qayıtmağımız artıq xəyal deyil – Sumqayıtdan reportaj

Laçına qayıtmağımız artıq xəyal deyil –  Sumqayıtdan reportaj<span class="qirmizi"></span>

 

Bakı, 17 avqust, AZƏRTAC

Bu il avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində laçınlı keçmiş məcburi köçkünlərin iki ilə yaxın gözlədikləri şad xəbəri elan etdi: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.

AZƏRTAC laçınlı keçmiş məcburi köçkünlərin intizarına son verəcək bu bəyanatdan sonra yır-yığış ab-havasında olan bəzi laçınlılarla onların məskunlaşdığı Sumqayıtdan reportaj hazırlayıb.

Əvvəla qeyd etməliyik ki, laçınlı məcburi köçkünlər Ağcabədidəki Taxtakörpü qəsəbəsindən sonra ən çox məhz Sumqayıtda məskunlaşıblar. Reportajda çətin sınaqlardan çıxmış laçınlı keçmiş məcburi köçkünlərdə doğma yurda qayıdışa inam, xatirələr və qayıdışı xəbərinin sevinci əks olunub.

“2020-ci il sentyabrın 27-də başlayan müharibəni toy-bayram kimi qarşıladıq”. Bunu 1992-ci ildə Zabux kəndindən çıxandan sonra Sumqayıta pənah gətirmiş kənd sakini Cavan Məmmədov deyib. Erməni silahlılarının Qaraqapı tərəfdən hücumu zamanı rus hərbçilərin köməyi ilə kənddən çıxdıqlarını, ötən 30 ildə Laçına qayıtmaq ümidi ilə yaşadığını bildirən Cavan Məmmədov Prezidentin Basqalda verdiyi müsahibəsində qayıdışla bağlı söylədiyi sözləri həyatının ən unudulmaz anlarından biri olduğunu deyib. O qeyd edib: “Mənə Zabuxa qayıtmaq imkanı verdiyinə görə ömrüm boyu Prezidentimizə minnətdar olacağam”.

Cavan Məmmədov Zabuxun təbiət gözəlliklərindən əlavə, insanların boya-başa çatdırdıqları nadir tut bağlarından danışıb, uzun illər min bir zəhmətlə ərsəyə gətirilən həmin bağların dağıdılaraq yerində fin tipli evlərinin quraşdırıldığından xəbərdar olduğunu bildirib. Oralara qayıtmaq şansının hansı hisslər yaratdığı ilə bağlı suala isə “Təsəvvür edirsiniz? O duyğuları ifadə edə bilmirəm” deyib.

Zabuxdan olan digər sakin - 1949-cu il təvəllüdlü Telman Əşrəfov bildirib ki, ermənilər tarix boyu o torpaqlarda yaşamayıblar. “Onlar Zabuxa işğaldan sonra gəliblər, evimi darmadağın edib yerində fin tipli evlər salıblar. İndi də deyirlər ki, vətənimdir, 27 ildir burada yaşayıram. Yaxşı, əgər o, burada işğaldan sonra, 27 ildir yaşayırsa, bəs ondan əvvəl kim yaşayıb? İşğal olunmuş ərazisinə gəlib burada yerləşəndə bilməliydilər ki, günlərin birində bu torpaqların əsl sahibləri gələcək”, - deyə o vurğulayıb.

Zabuxdakı evinin artıq olmadığını, onun ermənilər tərəfindən dağıdıldığını deyən keçmiş məcburi köçkün o yerləri görmək, bundan sonrakı həyatını doğulub boya-başa çatdığı yerlərdə keçirmək istədiyini bildirib, övladlarını da o istəklə böyüdüb boya-başa çatdırdığını əlavə edib.

Prezident İlham Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində indiyədək heç kimin əldə etmədiyi uğurlara nail olduğunu vurğulayan Telman Əşrəfov 1918-ci ildən bəri xalqımızın yaşadığı müxtəlif məqamları xatırladıb, iki il əvvəl qazanılan möhtəşəm Qələbənin misilsiz əhəmiyyəti barədə danışıb.

Dövlətimizin başçısının “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşan insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir” sözlərini xatırladan müsahibimiz qeyri-qanuni məskunlaşmanı həyata keçirən Ermənistan dövlətinin beynəlxalq qanunlarla cəzalandırılmasını tələb etdiyini bildirib.

Həyatının 45 ilini Laçında yaşadığını söyləyən Qəzənfər Hüseyn Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü olduğunu diqqətə çatdırıb, sosial şəbəkələrdə fəal olduğunu deyib. İctimai işlərə həsr etdiyi vaxta heyfislənmədiyini bildirən Q.Hüseyn diqqətə çatdırıb: “Bu günlər şahidi olduğumuz hadisələrə bir an da olsun, inamımı itirmədim. Vətən müharibəsinin birinci günü 70 nəfər laçınlı səhər tezdən hərbi səfərbərlik şöbəsinin qarşısında toplaşdıq. Yaşımın çox olmasına baxmayaraq, könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdim”. Vətən müharibəsində qazanılan Qələbəni Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi müdrikliyi və soyuqqanlı sərkərdə xarakteri ilə izah edən müsahibimiz diqqəti dövlətimizin başçısının “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözlərinə çəkib. O deyib: “Bugünkü reallığımız məhz həmin sözlərin məhsuludur. Şuşa, Hadrut, Laçın, işğaldan azad edilən bütün digər ərazilərimiz bu formulanı təsdiq edir”.

1992-ci ilin mayını - Laçın şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğalını təəssüf hissi ilə xatırlayan Qəzənfər Hüseyn o vaxt dinc əhaliyə qarşı törədilən cinayətləri yada salıb, çirkin əməllərin son dövrlərə qədər davam etdiyini vurğulayaraq bildirib: “Azad edildikdən sonra Güləbrid kəndinə getdim. Öz gözlərimlə qəbirlərin qazıldığını gördüm. Bu, ermənilərin mənfur xislətinin daha bir nümayişi idi. Bu, vandallıqdır”.

Qəzənfər Hüseyn söhbət zamanı əsl azərbaycanlı mənəviyyatını nümayiş etdirib, ermənilər arasında da vandallığa qarşı çıxanların da olduğunu yada salaraq deyib: “Əlbəttə, onların arasında da ağıllı və vicdanlı insanlar var. Onlar belə mənfur davranışlara vaxtilə etiraz ediblər, bu gün də edirlər. Belə insanları isə 30 il əvvəl olduğu kimi, bu gün də öldürürlər. Şuşada məşhur erməni idmançı vardı, azərbaycanlılara qarşı çıxmadığına, “mən onlarla bir yerdə böyümüşəm, öldürə bilmərəm” dediyinə görə onun özünü öldürdülər”.

Bu fikirlərdən sonra XIX əsrin sonlarında yaranan, bu gün də erməni şüurunda qalmaqda olan və “Daşnaksütyun” partiyasının proqramında yazılan “Türkləri və kürdləri öldür. İdeallara qarşı çıxan erməniyə də aman vermə!” sözlərini xatırlamamaq olmur.

Mənbə: azertag.az