Fazil Mustafadan rus dilinə üsyan edənlərə SƏRT CAVAB: “Bu dil uşağın gələcəyini düşünməkdir”

Fazil Mustafadan rus dilinə üsyan edənlərə SƏRT CAVAB: “Bu dil uşağın gələcəyini düşünməkdir”<span class="qirmizi"></span>

Qazaxıstanda məktəbin ilkin pillələrində rus dilində təhsilin ləğv edilməsi ilə bağlı məsələ cəmiyyətdə rezonans doğurub.

Keçmiş təhsil naziri Misir Mərdanovun Bizm.Media-ya açıqlaması məsələni bir qədər də aktual edib. Bu dəfə millət vəkili Fazil Mustafanın Azərbaycanda təhsillə bağlı fikirlərini təqdim edirik.


Onun fikrincə, bizim problemimiz ana dilində təhsil problemi deyil ki, ana dilində keyfiyyətsiz təhsil problemidir: 

“Ana dilində keyfiyyətli təhsil olandan sonra kim uşağını rus dilində məktəbə qoyar. Heç ingilis dilinə də qoymaz. Elə ana dilində oxuduğu məktəbdə digər dilləri də öyrənər. Biz məktəblərdə keyfiyyətli təhsili tətbiq edə bilməmişik. Ona görə hamı digər dillərdə təhsilə qaçır. Düşünürlər ki, eybi yox, təhsil səviyyəsi aşağı da olsa, uşaq  məktəbdə rus dilini, ingilis dilini biləcək. Budur əsas problem”. 

Fazil müəllim hesab edir ki, təhsilin keyfiyyəti yüksələndən sonra onu zorla tənzimləməyə də ehtiyac olmayacaq: 

“Bu məsələni təkcə rus dili ilə bağlı qoymaq lazım deyil. Sual ondadır ki, niyə valideyn övladını başqa dillərdə təhsilə yönləndirir? Onların arasında kifayət qədər vətənpərvər insanlar var. Bu rus dilinə, yaxud ingilis dilinə simpatiya deyil, uşağın gələcəyini düşünməkdir. Düşünürlər ki, Azərbaycan məktəbini bitirən uşaq ancaq bizim universitetlərdə oxumalıdır. Varmı Azərbaycanda yüksək təhsil verən universitet? Bir iki universitet demək olar, qalanlarını uşaqlar istəmir. Sonuncu 700 bal toplayan uşaq niyə xaricdə təhsili seçdi? Azərbaycan təhsili alanlar uzaqbaşı Türkiyəyə gedə bilir. Ona görə də Azərbaycanda təhsilin səviyyəsi artırılmalıdır”. 

Millət vəkili deyir elə etməliyik ki, uşaqları ancaq repetitor yanına getməklə ali məktəbə girən bir məktəb anlayışı olmasın, hamı məktəbə bağlansın:

“Məktəbləri ali məktəbə tələbə hazırlayan məktəbə çevirməliyik. Ardınca da universitetlərin muxtariyyatını verməliyik ki, orda yaxşı müəllimlər dərs desin. Uşaq ali məktəbə daxil olanda təhsildən sönməsin. 600-dən yuxarı bal toplayıb ali məktəbə gedir, bitirəndə heç nəyə nail ola bilmir. Bizim Tibb Universitetini qutaran gedib Türkiyədə rezidentura keçməsə həkim ola bilmir. Bu standartlarla həkim yetişmək mümkün deyil. Budur problem. Mütəxəssis olmaq üçün xarici ölkədə oxumalısan”. 

Fazil Mustafayev özəl məktəblərlə bağlı təklifi ilə fikrini yekunlaşdırdı: 

“Özəl məktəblərə də güclənməsi üçün imkan yaratmaq, xüsusən qızların oxumasını stimullaşdırmaq lazıımdır. Xanım Qızlar Kolleci yaratmalıyıq. Təhsildən kənarda bir qız da olmamalıdır. Küçədə dilənən uşaqlar məktəbə cəlb olunmalıdır. İnternat məktəbi şəbəkəsi genişlənməlidir ki, himayəsiz uşaq cahil qalmasın. Məsələnin əsas mahiyyəti budur”. 

Mənbə: bizim.media