Müsavat partiyasının fəalı hüquqlarının pozulduğunu deyir

Müsavat partiyasının fəalı hüquqlarının pozulduğunu deyir

Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Elman Quliyevin şikayətinə baxılıb.

Elman Quliyev iyulun 29-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs olunub. Müsavat Partiyasının fəalı, həmin günlərdə həbsdə aclıq aksiyası keçirən Azad Həsənova azadlıq tələbilə etiraz aksiyasında iştiraka görə o, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə ittiham edilib.

Vəkil Osman Kazımovun Amerikanın Səsinə verdiyi məlumata görə məhkəmədə vəsatət qaldırıb ki, aksiya zamanı çəkilmiş görüntülərə baxış keçirilsin.

Onun sözlərinə görə videogörüntlərin obyektiv sübut olduğunu, həqiqəti ortaya qoyur.

"Videoda görünür ki, Elman Quliyev və digər şəxslər qanun pozuntusuna yol vermir. Əksinə, polis əməkdaşları kobud davranır, söyüş söyür".

Hakim Faiq Qasımov videogörüntü ilə bağlı vəsatəti də, ümumiyyətlə, apellyasiya şikayətini də təmin etməyib.

Məhkəmədə çıxış edən Elman Quliyev apellyasiya məhkəməsində çıxış edərkən haqqındakı həbs qərarının qanunsuz və əsassız olduğunu bildirib. Deyib ki, Nəsimi rayonu, 21-ci polis bölməsində saxlanılarkən müdafiə hüququ pozulub, vəkillə təmin olunmayıb. Onun sözlərinə görə, bu pozuntu məhkəmədə də davam edib - hakim qarşısına vəkilsiz çıxarılıb.

Elman Quliyev apelyasiya şikayətində onu da qeyd edib ki, saxlandığı təcridxanaya özünü Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsi kimi təqdim edən bir nəfər gəlib. Ona yaxşı maaşlı iş və imkanlar qarşılığında əməkdaşlıq təklif edib. Müsavatçı gəncin sözlərinə görə, təklifdən imtina edəndə özünü polkovnik kimi təqdim edən həmin şəxsin hədələrilə üzləşib. Ona deyilib ki, 30 günlük bu cəzası başa çatandan az sonra yenidən həbsə göndəriləcək. Amma bu dəfə həbsi uzunmüddətli olacaq. Çünki haqqında cinayət işi qaldırılacaq.

Vəkil Osman Kazımov onun bu dediklərinə əsaslanaraq çıxışında bu məsələyə toxunub. O, məhkəmədən Elman Quliyevin təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülməsini istəyib.

Lakin hakim bu vəsatəti təmin etməyib.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

Mənbə: www.amerikaninsesi.org