İrandakı etirazlar 5 sualda

İrandakı etirazlar  5 sualda<span class="qirmizi"></span>

İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ölkənin bir çox şəhərlərində etirazlara səbəb olub. Təxminən bir həftədir ki, beynəlxalq ictimaiyyətin gözü İranda baş verən proseslərdədir. Bəziləri küçələrə axışan reaksiyaların əvvəl baş verənlərdən fərqli olduğunu desə də, bəziləri nümayişlərin yerli xarakterli olduğunu hesab edir. Bəs əslində nə baş verdi? İctimaiyyətin maraqlandığı 5 suala cavabı təqdim edirik:

Etirazlar niyə başladı?

22 yaşlı Məhsa Əmini Tehrana səfəri zamanı əxlaq polisi tərəfindən hicabın düzgün taxılmaması səbəbi ilə saxlanılıb. Daha sonra sosial şəbəkədə Əminin xəstəxanada olduğunu göstərən fotolar paylaşılıb. Üç gün komada qalan Əmini ölüb.

Tehran polisi bildirib ki, əxlaq polisi Əminini bir saatlıq polis bölməsinə aparıb və o, qəflətən huşunu itirib. Ürək çatışmazlığı olduğu üçün xəstəxanaya aparılıb. Dövlət televiziyasında yayımlanan kadrlarda Əminin polis idarəsinə gətirildikdən sonra qəfil pisləşdiyi və yerə yıxıldığı görünür. Lakin bu açıqlamalar sosial şəbəkə fəallarını və küçələrə çıxanları inandıra bilməyib. Etirazçılar Əminin polis idarəsinə gətirilməzdən əvvəl işgəncələrə məruz qaldığını iddia edirlər.



Etirazlara kim rəhbərlik edir?

İranda qadın hüquqları ilə bağlı müzakirələr uzun illərdir ki, davam edir. Əmininin əxlaq polisi tərəfindən saxlanmasına və ölümünə ən böyük reaksiya qadınlardan gəlir. Sosial şəbəkələrdə paylaşılan yazılar da etirazlarda qadınların ön sıralarda olduğunu göstərir. Etirazları təmsil etmək üçün yaradılan emblem qadınların küləkdə uçan saçlarından ilhamlanıb.

Etirazlar bütün ölkəyə yayılıb?

Bu sual beynəlxalq mediada ən çox müzakirə olunan suallardan biridir. Bununla belə razılaşdırılmış cavab yoxdur. Bəzi ekspertlər etirazların geniş xalq kütlələri arasında yayıldığını iddia etsə də, bəziləri aksiyaların hələ də yerli xarakter daşıdığını düşünür.

Beynəlxalq mediada yer alan xəbərlərə görə, etirazlar əsasən Tehran, Senendec, Kərəc, Təbriz, Məşhəd, Kiş, Kirman, Yəzd, Rəşt, Bənder Abbas, Abadan, Kirmanşah, Ərdəbil, İsfahan, Urmiyə, Kazvin, Zəncan, Mazenderan, Həmədan başda olmaqla bir çox şəhərlərə yayılıb.



İran rəhbərliyinin siyasəti nədir?

İran prezidenti İbrahim Rəisi etirazlar başlayandan sonra Əmininin ölümü ilə bağlı araşdırma aparılmasını əmr edib. Lakin administrasiyanın münasibəti elə etirazların başlanğıcında dəyişib. Belə ki, şəhərlərdə baş verən etirazlara polisin müdaxiləsi barədə görüntülər paylaşılıb. Nəticədə say dəqiq olmasa da ölənlərin sayı günü-gündən artır.

Hadisələrin dördüncü günündə İran administrasiyası etirazçıların əlaqəsini kəsmək üçün müəyyən bölgələrdə internetə çıxışı dayandırıb. Bu çərçivədə İranda 3 GSM operatorunun interneti uzun müddət kəsilib. İnternetə çıxış bərpa edilsə də, sosial media və mesajlaşma proqramları deaktiv edilib. Lakin istifadəçilərin VPN-dən istifadəsi genişlənib.

Etirazlara indiyə qədər verilən ən sərt bəyanat İran İnqilab Keşikçiləri Ordusundan gəlib.

"Küçədə olduğu kimi sosial şəbəkələrdə də yalan xəbərlər, dedi-qodular yayan, cəmiyyətin psixoloji təhlükəsizliyinə təhlükə yaradan şəxslərin müəyyən edilməsini və onlara qarşı qətiyyətli tədbir görülməsini məhkəmə orqanlarından tələb edirik", İİKO-nun bəyatında deyilir.

Digər tərəfdən Teranda İran hökümətinə tərəfdar şəxslərin də hakimiyyətə dəstək aksiyaları keçirilir.



Beynəlxalq ictimaiyyət nə düşünür?

1979-cu ildə rejim dəyişikliyindən sonra Qərblə gərginlik İranı beynəlxalq gündəmin ilk sıralarında saxlayır. Ona görə də İranda baş verən proseslər bir çox ölkə tərəfindən diqqətlə izlənilir. Əminin ölümünə beynəlxalq ictimaiyyətdən ilk reaksiya gözlənildiyi kimi ABŞ-dan gəldi. ABŞ dövlət katibi Entoni Blinken Məhsa Əminin saxlanılaraq ölümünə səbəb olan İran Əxlaq Polisi rəhbərliyinə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıb.

Bu açıqlamanın ardınca ABŞ Maliyyə Nazirliyinin açıqlaması gəldi. Nazirlik İranda keçirilən etiraz aksiyalarında qadınların zorakılıq və təzyiqlə müdaxilə edildiyini əsas gətirərək İranın təhlükəsizlik qurumlarının, eləcə də İran Əxlaq Polisi Təşkilatının bəzi yüksək səviyyəli rəhbərlərini sanksiya siyahısına salıb.

Aytən Zəhra

 

Mənbə: azvision.az