Azərbaycanı təcavüzdə ittiham edən çağırışı imzalayanlarla bağlı deputatlardan - Açıqlama

Azərbaycanı təcavüzdə ittiham edən çağırışı imzalayanlarla bağlı deputatlardan - <span class="qirmizi">Açıqlama</span>

Bir neçə ölkədən olan ermənipərəst şəxslər sülh çağırışı adı altında Azərbaycanı Ermənistana hücum etməkdə, zorakılıqda günahlandırıb. Çağırışa imza atanlar arasında azərbaycanlılar da var.

"Qafqazinfo" xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev APA-ya açıqlamasında deyib ki, həmin adamlar formaca azərbaycanlılardır, məzmunca yox.

Sahib Alıyev bildirib ki, birinci dəfə deyil ki, onlar Azərbaycanın əleyhinə yönələn belə bir aksiyada yer alırlar: “İkinci Qarabağ savaşı zamanı onlar Ermənistan Baş nazirinin Şuşada bizə meydan oxuyub, sonra da sülh göyərçini kimi çıxış edən xanımının da çağırışına qoşularaq səsinə səs vermişdi. Sonra Paşinyanın xanımı həmən Anna Hakopyan əlində avtomat cəbhəyə Azərbaycan əsgərlərinə qarşı vuruşmağa getdi. Bəs onun manipulyasiya xarakterli sülh təklifinə qoşularaq savaşın əleyhinə olduqlarını bildirənlər nə etdilər? Susdular”.

Sahib Alıyev deyib ki, həmin şəxslərin əksəriyyəti millətin bəzi üz qaralarının yığışdığı Milli Şura deyilən qurumdakılar, yaxud onlara bağlı gənclər idi. 30 ildən artıq torpaqları işğal altında olan, indi bu işğalı tam aradan qaldırmağa, öz torpaqları üzərində suverenliyini tam təmin etməyə çalışan Azərbaycanı “sülh çağırışı” adı altında təcavüzdə günahlandıran da həmin adamlardırlar: “Bu haqda tapşırıq isə onlara “Azərbaycan savaş yolu ilə öz torpaqlarını azad edə bilməz” deyərək status-kvonun əbədi qalmasına çalışan böyük güclərdən gəlib. Bu dırnaqarası azərbaycanlılar onların tapşırığını yerinə yetirirlər. Bəlli çevrələrin, bəzi böyük dövlətlərin Azərbaycanın Zəfərini hələ həzm edə bilməmələri sadəcə, əgər söhbət qərbdən gedirsə, oradakı hay diasporlarının fəaliyyəti ilə bağlı deyil. Mən dünən Milli Məclisdəki çıxışımda da qeyd etdim. İkinci Qarabağ savaşında Azərbaycan ədalətsizlik və ancaq bir neçə seçilmiş dövlətin maraqlarının təmini üzərində qurulan beynəlxalq konyuktruranın ən azından Qafqazda stereotiplərini sındırdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün riskləri göz önünə alaraq bu savaşda arxasında ondan geosiyasi alət kimi faydalanan böyük güclərin durduğu işğalçıya qarşı ölüm-dirim savaşı aparmaqla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, dünyanın beşdən böyük olduğunu əməldə təsdiqlədi bu savaşda. Bu savaşda təkcə hayların istehkamları, özləri, orduları və diasporları haqda mif darmadağın edilmədi. Həm də onları ən çağdaş izləmə sistemindən tutmuş S-300 və “İsgəndər M” zenit-raket kompleksinədək hər şeylə təmin edən böyük güclərin sözündən çıxmağın, iradələrindən kənar hərəkətin mümkünsüzlüyü haqda daşlaşmış ehkamlar çökdü. Bax, budur bəzi çevrələrin bizim qələbəni həzm etmək istəməmələrinin əsl səbəbi. Məhz buna görə adlarını "azərbaycanlı" qoyan troll sürüləri sosial şəbəkədə ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıq və yüksək peşəkarlığı gözdən salmağa cəhd edir, öz torpaqları üzərində tam suverenliyini təmininə çalışan Azərbaycanı olmayan təcavüzdə suçlandırırlar. Ancaq onların ikinci Qarabağ savaşı öncəsi və döyüşlər gedərkən xaincəsinə davranışları heç bir nəticə vermədiyi kimi, indən sonra da verməyəcək. Xainlikləri, şərəfsizlikləri isə heç vaxt unudulmayacaq və unudulmamalıdır!”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, heç bir düşmənçilik əbədi ola bilməz və sülh sazişi nə qədər tez imzalanarsa, bölgədə əməkdaşlıq mühiti nə zaman qurularsa, tərəflər də prosesdən bir o qədər uduşlu çıxar:

"Ona görə də Azərbaycanın qalib tərəf olmasına baxmayaraq Prezident İlham Əliyev müharibə başa çatdığı gündən sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, habelə, kommunikasiya xətlərinin açılması və xalqlar arasında etimadın yaradılması üçün çağırışlar edir”.

Bəhruz Məhərrəmov deyib ki, Ermənistan üçtərəfli sazişə, o cümlədən Brüsseldə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq sülh prosesini ləngidir, eyni zamanda revanşist davranışlar sərgiləyir: “Təəssüf ki, bu işdə erməni diaspora təşkilatları ilə yanaşı bəzi Qərb dövlətləri də revanşizm meyllərini bu və ya digər formada dəstəkləyərək yeni təxribatlara rəvac verir. Yalnız bu yay ərzində Ermənistan 3 dəfə təxribat törədib və hər dəfə də yerlə - yeksan edilib. Amma kənar təşviqlər ermənilərə reallığı anlamağa imkan vermir, nəticədə İrəvan da, erməni xalqı da uçuruma doğru yuvarlanmaqdadır”.

Deputat qeyd edib ki, hər şeyə rəğmən, biz ən qısa müddətdə yekun sülhün bərqərar olmasını arzulayırıq və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının aktivliyini zəruri hesab edirik: “Lakin yayılan son müraciətin niyyətini sülhə yönəlik çağırış yox, Azərbaycana qarşı informasiya müharibəsinin bir hissəsi hesab edirəm. Azərbaycanı təcavüzdə ittiham edərək “Sülh çağırışı” na imza atan hər bir azərbaycanlı xəyanətkar nihilistdir, revanşist erməni maraqlarına xidmət etməklə sülh və sabitlik üçün təhdiddir. Vətəndaş cəmiyyəti nümayəndəsinin vəzifəsi qarşılıqlı etimad mühitini formalaşdırmaqdır, bu insanlar isə torpağını qoruyub şəhadətə ucalanların özünü təcavüzkar hesab etməklə bağışlanmaz xainlik edirlər. Əlbəttə, bu tip dalğaların olacağı aydın idi. Xatırlayırsınızsa, müharibə zamanı antimilli ünsürlər bu istiqamətdə, eyni tezis üzrə açıq şəkildə Azərbaycan dövlətinə, ordusuna böhtanlar yağdırıb bizi təcavüzkarlıqda günahlandırırdılar. Bu gün isə daha hiyləgər taktika seçərək sülh çağırışı fonunda Azərbaycan ordusu təcavüzkar ordu adlandırılır. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu məsələyə dair mövqeyini ifadə etməlidir”.

Mənbə: qafqazinfo.az