4 şagirdli məktəbin müəllim-direktoru TƏƏSSÜRATLARINI danışır – Özəl

Beynəlxalq Müəllimlər günündə həmsöhbətim ucqar kəndlərinin birində çalışan gənc müəllim oldu.

Tanış olun: Məleykə İbrahim qızı Abbasova Qusarın Nəcəfkəndoba kənd orta məktəbinin həm müəllimi, həm də direktorudur. Məleykə xanım deyir ki, məktəbdə 1-ci, 2-ci və 3-cü sinif şagirdləri üçün komplektləşdirilmiş bir sinif və cəmi 4 şagird var.

Məleykə müəllim 2019-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Quba filialının “ibtidai təhsil metodikası” fakültəsini bitirib.

2020-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edib və müsabiqədən uğurla keçərək Qusarın Nəcəfkəndoba kənd ibtidai məktəbinə təyinat alıb.

O, ucqar kənddə işləməyin çox maraqlı olduğunu deyir.

“Düzdür, çətinliklər var,məktəbdə şərait o qədər də yaxşı deyil, informasiya texnologiyalarından uzağıq, amma,adam burda rahat olur, darıxmır.Balacaların üzündəki təbəssüm və saf baxışları adamın öyrətmək həvəsini daha da artırır. İnsan özü burda həm həyat sürür, həm bilik öyrədir, bununla yanaşı özüdə həyatı öyrənir”.

Tədris zamanı dərsi şagirdlərə mükəmməl izah etməyi prioritet hesab edən gənc müəllim yeri gələndə mextəlif üsullardan istifadə etməyi də unutmur.

Müəllim deyir ki,özü ləzgi olduğundan ləzgidilli uşaqlara dərs keçmək çətin olmayıb.

“Amma bu,əsas deyil. Mən müsabiqə nəticələrinə görə diğər rayonların ucqar kəndlərinə yollansaydım belə, balacalara eyni həvəslə dərs keçərdim. İşləyən müəllim üçün məkanın və kəndin heç bir fərqi olmamalıdır.Əsas peşəni sevməli və üzərində işləməlisən ki, qarşındakı balacalar səndən çox şey öyrənə bilsin”.
Məleykə Abbasova Qusarın Piral kəndində doğulub,işlədiyi kənd doğulduğu kənddən 25 km-dən artıq məsafədə yerləşdiyindən dövlət tərəfindən 190 manat məbləğində həvəsləndirici vəsait alır,bu vəsaiti isə o, kirayə mənzil haqqı üçün ödəyir.

Qusarın 26 yaşlı gənc müəllimi və direktoru paytaxtda qalıb rahat iş axtaran gənc həmkarlarına da səslənərək onları rayonda işləməkdə daha maraqlı olmağa çağırdı.

Sonda müsahibim bütün həmkarlarını peşə bayramları münasibətilə təbrik etdi.

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm""

SONRAKI XƏBƏR

Bakıda dilənçilərə təpik vuran polislər işdən çıxarıldı