Yeni binalardakı bu problemin qarşısını necə almaq olar?

Son illərdə bəzi Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən tikilib istifadəyə verilən yeni binalarda internet provayderlərlə bağlı problemlər yaşanır.

Bina sakinləri istədikləri provayderi seçə bilmir. Seçim etmək istədikləri provayderlərə üz tutduqda qarşı tərəf həmin ərazidə fəaliyyət göstərmək icazəsinin olmadığını bildirir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Tariyel Ağazadə bildirib ki, belə hallar xidmət keyfiyyətinin aşağı olmasına və qiymətin bazar qiymətinə uyğun olmamasına gətirib çıxarır.

Onun sözlərinə görə, MTK-lar yalnız bir internet provayderi ilə müqavilə bağlayır.

"Həmin şirkətlə MTK arasında xüsusi razılıq olur. Bir binada xidmət göstərən bir neçə provayder olmalıdır. Təəssüf ki, bu hal çox az binalarda var. Bəzən elə hallar da olur ki, bir provayderin xidmət göstərdiyi binada internet kəsilir. Provayder internetin bərpası üçün tələsmir və bina sakinləri də çıxılmaz vəziyyətdə qalırlar. Çünki alternativ variant yoxdur. Azad rəqabəti təmin etmək üçün qanun qəbul olunmalıdır", - deyə ekspert bildirib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Mənzil Məcəlləsinin 141-ci maddəsinin 3-cü bəndinə əsasən, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. Belə ki, qanunvericilikdə qeyd edildiyi kimi, vətəndaşlar öz idarəetmə üsulunu yaradaraq istənilən internet provayder şirkətini seçə və həmin provayder şirkəti ilə müqavilə bağlaya bilərlər.

Çoxmənzilli binalara digər İnternet-TV provayderlərin buraxılmaması ilə bağlı bildiririk ki, internet xidmətlərinin göstərilməsi zamanı antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olan hallar barədə (yazılı formada ərizə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri) müraciət olduğu təqdirdə həmin məsələ araşdırılacaq.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıt-Xırdalan-Bakı qatarından istifadə edənlərin NƏZƏRİNƏ!

SONRAKI XƏBƏR

Müdafiə naziri: “Finlandiyada nüvə silahının yerləşdirilməsi ehtimalı azdır”