"Tələbələri qəsdən kəsirlər ki, kredit borcu yaransın" - Ekspert

"Tələbələri qəsdən kəsirlər ki, kredit borcu yaransın" -

“Bəzi ali təhsil müəssisələrində semestr imtahanları zamanı əlaçı təqaüdü alan tələbələrin qiymətləri kəsilir. Bizə bu barədə müraciətlər daxil olur. Bildirilir ki, yüksək bal topldıqları halda tələbələrə aşağı qiymət yazılır ki, onlar əlaçılıq təqaüdü ala bilməsinlər. Hətta onları qəsdən imthandan kəsirlər ki, kredit borcları yaransın. Əgər tələbə əlaçılıq təqüdü alırsa və bir semestr kəsilibsə, borclu qaldığı halda aldığı təqaüd dayandırılır. Məlumdur ki, tələbənin hər hansı bir fəndən kəsiri qalarsa, onun həmin fənn üzrə kredit borcu yaranır. Bu kredit borcuna görə isə tələbə universitetə əlavə ödəniş etməli olur. Yəni burada qazanan tərəf universitet olur”.

Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, semestr imtahanları şəffaf, obyektiv keçirilməli, tələbələrin biliyi və imtahan nəticələri düzgün qiymətləndirilməlidir:

“Demək olar ki, bütün universitetlərdə semestr imtahanları dövründə imtahan nəticələri ilə bağlı müraciətlərin və şikayətlərin araşdırılması məqsədi ilə “İmtahan qərargahı” və Apellyasiya komissiyaları fəaliyyət göstərir. Tələbələr sessiya dövründə biliklərinin obyektiv qiymətləndirilməməsi fakti ilə qarşılaşan zaman mütləq şəkildə sözügedən qərargah və ya komissiyaya müraciət etməlidirlər. Əgər burada da tələbənin əleyhinə, onun qiymətini kəsən müəllimin lehinə qərar çıxarılsa, o zaman birbaşa Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qaynar xəttinə müraciət olunmalıdır. Tələbə imtahanın yenidən obyektiv və şəffaf təşkilinə, biliyinin düzgün qiymətləndirilməsinə nail olmalıdır”.

Sevinc

Mənbə: www.bakupost.az