"Vətənin müdafiəsində tək oğul söhbəti olmaz": Şəhid Davudun anasına son sözü...

"Vətənin müdafiəsində tək oğul söhbəti olmaz": Şəhid Davudun anasına son sözü...<span class="qirmizi"></span>

Xaçmazın Qaraqurtlu kəndində Vətən Müharibəsi şəhidi Davud Novruz oğlu Hacıyevin anım mərasimi keçirilib. Doğmaları, ailə üzvləri, keçmiş hərbçi yoldaşları, şəhid ailələri və qazilər Davudu məzarı başında hörmət və ehtiramla anıblar.

Ailənin yeganə övladı olan Davudun şəhid olması valideynlərini sarsıtsa da, ailə yeganə oğullarının Vətən yolunda həyatdan getməsindən təsəllli tapa biliblər.

Davudun anası Validə Hacıyeva Bizim.Media-ya bildirib ki, yeganə övlad itkisi ağırdır, amma torpaqlarımızın erməni əsarətindən qurtulan torpaqlarımızın geriyə alınmasından qürur duyduğunu gizlətmir:

"Davuda həmişə deyirdim, bala, sən getmə müharibəyə, sən getsən biz neynəyərik?. Sözü də bu olurdu ki, ana, siz tək qalsanız da eybi yoxdur, Vətənin müdafiəsində tək oğul söhbəti ola bilməz. Mən şəhid olacağam, sən də mənimlə qürur duyacaqsan"

Validə Hacıyeva məlumat verdi ki, Davud 22 yaşında şəhid olub. Oktyabrın 9-da Füzuli uğrunda döyüşlərdə yaralanıb, komaya düşüb, oktyabrın 17-də hospitalda şəhid olub. Amma onun nəşini təxminən 40 gündən sonra, noyabrın 25-də morqda tapmaq mümkün olub.
Davud Hacıyev 2020-ci il noyabr ayının 26-da Xaçmaz rayonunda torpağa tapşırılıb. Hacıyevlərin igid oğlu Davud ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən 3 döyüş medalı ilə təltif edilib.
 

Mənbə: bizim.media