Səhiyyə Nazirliyində ÜST nümayəndələri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ÜST nümayəndələri ilə görüş keçirilib<span class="qirmizi"></span>

 

Səhiyyə Nazirliyində ölkəmizdə ikigünlük işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Hesablama Sisteminin (SHS) tətbiqi və səhiyyə xərclərinin izlənməsinin qiymətləndirilməsi üzrə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin ÜST-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı da iştirak edib.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.

Nazir çıxışında səhiyyə və iqtisadiyyatın bir-biri ilə ayrılmaz şəkildə əlaqəli olduğunu vurğulayıb.

“Eyni zamanda, səhiyyə sisteminin inkişafı üçün tələb olunan maliyyə resurslarının formalaşmasında güclü iqtisadiyyata ehtiyac var. Səhiyyə Hesablama Sistemi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, USAID və digər beynəlxalq inkişaf təşkilatları ilə birlikdə işlənib hazırlanmış, hökumətlərə səhiyyə üzrə maliyyə axınlarını sistematik şəkildə izləməyə və qiymətləndirməyə imkan verən qlobal miqyasda istifadə olunan alətdir. Səhiyyə Nazirliyi Azərbaycanda bu proqramın həyata keçirilməsi üçün hər cür köməklik göstərməyə hazırdır”, - deyə Teymur Musayev fikrini tamamlayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndəsi David Qzirişvili Azərbaycanda səhiyyə sektorunda mühüm islahatların, xüsusən də səhiyyə sisteminin gücləndirilməsi işlərinə başlanılmasını vurğulayıb. Onun sözlərinə görə, SHS-nin tətbiq edilməsində ölkələrə texniki dəstəyin göstərilməsi ÜST-nin prioritetlərindən biridir. Belə ki, səhiyyə xərclərinin izlənməsi, məlumatların və beynəlxalq müqayisələrin təmin edilməsində qlobal lider olaraq, ÜST ölkə kontekstinin qiymətləndirilməsi, ilkin qiymətləndirmələrin aparılması, yerli potensialın yaradılması və SHS prosesinin davamlığının təmin olunması üçün ölkələrə texniki dəstək göstərir.

Qeyd edək ki, SHS əsas funksiyasından əlavə, səhiyyə sisteminin fəaliyyətini izləmək və qiymətləndirmək məqsədilə analitik alətlər üçün giriş kimi istifadə olunur. Bundan əlavə, səhiyyə xərclərinin SHS metodologiyasına əsaslanan izlənməsi üsulu ənənəvi fiskal təhlil ilə müqayisədə tibbi xidmətlərin istifadəsi haqqında daha zəngin məlumat verir.

Mənbə: www.oxu.az