Şabranın küçələri bataqlığa çevrilib, rəsmi qurum isə yolların asfaltlandığını iddia edir

Şabranın küçələri bataqlığa çevrilib, rəsmi qurum isə yolların asfaltlandığını iddia edir<span class="qirmizi"></span>

Şabran şəhərinin mərkəzi küçələri bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal bürosuna şəhər sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, bərbad vəziyyətə düşən yollar şəhərin M.Əsədov, Babək, F.Əmirov, Nizami, Şəhid Ü.Orucov, R.Rza, X.Məmmədov, İstanbul, İzmir və "5 sotlar" yaşayış massivinin küçələridir.

Uzun illərdir yol problemi ilə üz-üzə qaldıqlarını bildirən sakinlər deyib ki, qeyd olunan küçələr qış aylarında bataqlığa çevrilir. Küçələr təmir olunmadığından bir qədər yağış yağan kimi ərazi keçilməz olur. Sakinlər bildirir ki, küçələrin şəhərin mərkəzində yerləşməsinə baxmayaraq asfaltlanmaması bir sıra problemlərə yol açıb. Onların sözlərinə görə, nə piyadalar, nə də avtomobillər burada rahat şəkildə hərəkət edə bilir.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, cari ildə M.Əsədov və F.Əmirov küçələrində çınqıl materialla yol təmir işləri aparılıb, növbəti ildə də həmin küçələrdə yol təmiri işləri aparılacaq:

"Bundan əlavə, Nizami küçəsi də asfaltlanıb. Lakin həmin küçəyə məxsus ara yollara örtük çınqıl materialı döşənib. Növbəti il yol təmirində qalan ara yollar da asfaltlanacaqdır. Babək küçəsinin asfalt örtüyündə isə yaranmış çala-çökmələr növbəti ildə təmir olunaraq aradan qaldırılacaq. "5 sotlar" deyilən ərazi isə 22 küçədən ibarətdir. Həmin ərazidə yerləşən küçələrdə hər il yol təmir işləri aparılır. Belə ki, Şəhid Ü.Orucovun adını daşıyan küçə bu il asfaltlanmışdır. R.Rza, X.Məmmədov, İstanbul, İzmir küçələrinə çınqıl material tökülərək yayılıb".

Nümayəndəlikdən həmçinin vurğulanıb ki, küçələrin təmir-bərpa işləri bundan sonra da davam etdiriləcək.

Mənbə: report.az