Qardaşına qaraciyərini bağışladı

Qardaşına qaraciyərini bağışladı<span class="qirmizi"></span>

Sinqapurlu Lim Ven Konq xəstə qardaşına qaraciyər bağışlayıb və bununla da onu ölümdən xilas edib.

Milli.Az bildirir ki, bu barədə "The Straits Times" məlumat yayıb.

Konqun qardaşı Lim Ven Ming, 2021-ci ilin sentyabrında ömrünün cəmi üç ay olduğunu öyrənib. Ona ağır irsi Vilson-Konovalov xəstəliyi diaqnozu qoyulub ki, bu xəstəlikdə orqanizmdə çox miqdarda mis yığılır, bu da mərkəzi sinir sisteminin, qaraciyərin və digər daxili orqanların zədələnməsinə səbəb olur. Həkimlər xəstəni xəstəxanaya yerləşdirib müalicə etsələr də, vəziyyəti daha da pisləşib. Minq qorxub ki, qızının doğulmasına qədər yaşamayacaq: arvadı cəmi iki aylıq hamilə olub.

Xəstəyə təcili qaraciyər transplantasiyası lazım olub. Həmin anda Konq onun donoru olmaq üçün könüllü olub. "Qardaşım qızı dünyaya gələndə atasız qalması ilə heç cür razılaşa bilməzdim", - deyə kişi öz hərəkətini izah edib. Həkimlər qardaşların əməliyyata hazırlanması prosesini sürətləndirə biliblər və artıq 2021-ci il oktyabrın ortalarında transplantasiya həyata keçiriblər. Əməliyyatı 20 həkim briqadası həyata keçirib və onun müddəti 18 saat olub.

Ming bir ay sonra evə buraxılıb. İndi o, çiy yemək yemir və mütəmadi olaraq terapevtik məşqlər edir, normal həyat sürür. Onun qızı 22 aprel 2022-ci ildə anadan olub və hazırda yeddi aylıqdır. "Orada olmaq, həyat yoldaşımın əlindən tutmaq və uşağımın doğulmasına şahid olmaq heç vaxt unuda bilməyəcəyim anlardır. Mənə bu fürsəti verən hər kəsə təşəkkür etməliyəm", - Ming etiraf edib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az