İsti başların soyuq silah sevdası: Yeniyetmələr niyə bıçaqla gəzirlər? - AÇIQLAMA + FOTO

“Bəzi uşaqlar, yetkinlik yaşına çatmayanlar, gənclər niyə üzərlərində bıçaq gəzdirirlər?”

“Şağan Olimpiya İdman Kompleksi”ndə XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun 20 yaşlı şəxs tərəfindən qətlə yetirilməsindən sonra çoxlarını bu sual düşündürür.

Müşahidələr göstərir ki, 15-25 yaş arası gənclər soyuq silahla gəzməyi və bunu nümayiş etdirməyi özlərinə fəxr bilirlər. Bu sanki onların güc göstərişinə, “kəsərli söz sahibi” imicinə xidmət edir. Bu düşüncə necə formalaşır, haradan yaranır?

Hər şeyi filmlərin üzərinə atmaq da doğru deyil. Amma bu dövrdə neçə ailədə hər hansı aqressiya soyuq silahla həll olunur ki, uşaq görüb təsirlənsin, sonra da təkrarlasın?

Maraq üçün bir çox yeniyetmələrə “bıçaq gəzdirirsinizmi?” sualını verdim. Əksəriyyəti inkar etsə də, bıçaq gəzdirənlər bunu “özünümüdafiə” adlandıraraq özlərinə bəraət qazandırmağa çalışdılar. Hətta uzun-uzadı bunu “izah” etməyə cəhd göstərənlər də oldu.

Gənclik niyə problemlərdən çıxış yolunu danışıqda deyil, dalaşmaqda axtarır? Nə üçün qatil olur?

Məsələyə psixoloji rəy öyrənməyin önəmli olduğunu düşündük.

Psixoloq Fərqanə Mehmanqızı Oxu.Az-a açıqlamasında bildirib ki, yeniyetmələrin üzərlərində bıçaq gəzdirmələri düşdükləri mühitdən, toplumdan asılıdır:

“Bunu bütün uşaqlara şamil etmək olmaz. Düşdükləri mühit necədirsə, uşaqlar da o mühitin qaydası ilə hərəkət edirlər. Həmin mühitdə kim nəyə müsbət baxırsa, o da ona müsbət yanaşır, kim nəyə mənfi yanaşırsa, o da onu mənfi hesab edir. Üzərində bıçaq gəzdirmək onların bir növ həmin cəmiyyətdə özlərini təsdiq etmək formasıdır. Uşaqlar bəzən öz ailələrində özlərini təsdiq edə bilmədikləri zaman cəmiyyətdə bu və ya digər formada xof yaratmaqla bunu “kompensasiya” edirlər. Bununla özlərini güclü sayırlar. Bu isə onlarda daxildəki “mən varam” şüarından qaynaqlanan aqressiyanı qidalandırır. Uşaqlar, yeniyetmələr belə hallarda daha da əsəbi olur, daha tez “alışır” və əsəblərini idarə edə bilmirlər”.

Psixoloq onu da qeyd edir ki, bu gün cəmiyyətdə kriminal aləmin “qəhrəman”ları haqqında istər mənfi, istərsə də müsbət məlumatlar yeniyetmələrə təsir edir:

“Uşaqlar bu “qəhrəman”ları kumir kimi görür və onların təsirinə düşürlər. Kriminal şəxslər barəsində danışılan söhbətlər uşaqların psixoloji həssas dövründə ciddi təsir mühiti yaradır. Onlar da eşitdikləri, oxuduqları hadisələri sanki təkrarlamağa, kumir seçdikləri “qəhrəmanlar” kimi davranmağa can atırlar”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev BƏƏ Prezidentini təbrik etdi

SONRAKI XƏBƏR

Ermənilər sakitləşmir: düşmənlə döyüşmək, yoxsa danışmaq vaxtıdır?