ABŞ-ın immiqrasiya və gömrük xidməti 6252 miqrantın şəxsi məlumatlarını təsadüfən şəbəkədə yerləşdirib

ABŞ-ın immiqrasiya və gömrük xidməti 6252 miqrantın şəxsi məlumatlarını təsadüfən şəbəkədə yerləşdirib<span class="qirmizi"></span>

 

Vaşinqton, 2 dekabr, AZƏRTAC

ABŞ-ın immiqrasiya və gömrük xidməti (ICE) bu həftə təqribən 5 saat ərzində 6252 miqrantın şəxsi məlumatlarının ICE-nin saytında yerləşdirilməsi ilə bağlı insidenti araşdırır.

AZƏRTAC ICE-nin bəyanatına istinadla xəbər verir ki, bu səhv barədə xidmətin rəhbərliyinə məlumat veriləndən dərhal sonra həmin informasiyanın silinməsi üçün tədbirlər görülüb.

İnsident barədə ilk dəfə “Los Angeles Times” qəzeti xəbər verib. ICE-nin bəyanatında deyilir: “Şəxsi məlumatların şəbəkədə yerləşdirilməsi qəsdən olmasa da, siyasətin pozulmasıdır və agentlik hazırda bu insidenti araşdırır, bütün zəruri tədbirləri görür”.

“Human Rights First” qeyri-kommersiya təşkilatının məlumatına görə, şəxsi məlumatların şəbəkədə yerləşdirilməsi immiqrantların çoxu üçün təhlükəli vəziyyət yarada bilər. Bəzi immiqrantlar başqa şəxslər, bandalar və öz hökuməti tərəfindən zorakılıqdan və ya zorakılıq təhdidindən xilas olmaq üçün ABŞ-a gəliblər. Bu informasiya şəbəkədə yerləşdiriləndən sonra IP-ünvanları təhlil etməklə həmin məlumatların kimlər üçün əlçatan olması da departament tərəfindən araşdırılır.

AZƏRTAC–ın Vaşinqton bürosu

Mənbə: azertag.az