Şəhid Ağamirzə Gülmaliyevin əziz xatirəsi anılıb

Şəhid Ağamirzə Gülmaliyevin əziz xatirəsi anılıb<span class="qirmizi"></span>

 

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Ağamirzə Gülmaliyevin anım mərasimi keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə şəhid Ağamirzə Gülmaliyevin məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Şəhidlərin ruhlarına dualar oxunub.

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az